Valideynlər karantin müddətində övladları ilə necə davranmalıdır? – Pediatr vacib məqamlara aydınlıq gətirdibackend

Uşaqlar evdə qaldıqları üçün daha aqressiv olurlar və onlarla müzakirə aparmaq çətin olur.

Busaat.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar zamanlarını daha çox evdə keçirir. Xüsusən də bu müddətdə uşaqların sağlamlığı valideynləri düşündürən əsas məsələlərdəndir. Bununla əlaqədar olaraq, həkim-pediatr Aytən İsmayılzadə Aztibb.az-a müsahibəsində valideynləri narahat edən mövzulara aydınlıq gətirib.

– Uşaqların əksəriyyəti karantinə görə evdədir, günəş şüalarından məhrumdurlar. Bu da uşaqlarda D vitamini əksikliyi yaranmasına səbəb olur. D vitamini azalanda da immunitet düşür. Analar belə hallarda nə etməlidir?

– Əlbəttə ki, immunitet və limfositlərin aktivliyi üçün D vitamini şərtdir. Yayda normal günəşlənərək D vitamini depolamaq lazımdır ki, belə viruslarla mübarizədə immunitet güclü olsun. Ona görə də həyət evində yaşayanlar övladlarını həyətə çıxarmaldır. Qeyd edim ki, günün çox erkən vaxtlarında və gün batarkən dəridə D vitamini yarana bilmir.

Ona görə də, bir qayda olaraq hər gün səhər saat 10-11 arası və 4, 5-dən sonra uşaqları həyətə çıxarmaq məsləhət görülür. Uşaqların qolları və ayaqlarının açıq olması məsləhətdir.

Bina evində yaşayan valideynlər övladlarını aynabəndə çıxardır. Lakin aynabənd gün batan tərəfdə olduqda, uşaq günəş görmür, sadəcə hava qəbul etmiş olur.

Uşaqların marketə, aptekə aparılması məsləhət deyil. İnsanların az olduğu ərazilərdə, sosial məsafə saxlamaqla təmiz havada gəzdirməkləri məsləhətdir.Virus hava ilə keçmir.

Həftədə 3 dəfə günəş şüaları və ya vitamin D qəbulu immunitetin gücləndirilməsi üçün kifayət edir.

Sağlam orta yaşlı insana gün ərzində 500-1000 ml vahid Vitamin D, yaşlı və hamilələrə isə daha yüksək doza tələb olunur. Böyüklərə gündə 10 damcı, xəstəlik müddətində 20 damcı, uşaqlara isə hər damcısında 500 ml vahid olmaqla 2,3 damcı profilaktik doza verilə bilər.

– Uşaqlar pandemiya ərəfəsində necə qidalanmalıdır?

– Qidalanma balanslaşmış, sağlam olmalıdır. Uşaqlar karantin müddətində evdə daha çox vaxt keçirir. Evdə əhval-ruhiyyəni müsbət saxlamaq üçün daha çox şirniyyat – dondurma, kanfet, şokolad istifadə edilir. Mövsümi meyvə-tərəvəzlə yanaşı şirniyyat da verilirsə, o zaman meyvə-tərəvəzin də xeyrini görə bilmirik. Çünki şəkər immuniteti zəiflədir.

Şəkər C vitamini ilə oxşardır. Şəkər C vitaminindən öncə limfositlərin – immun hüceyrələrin tərkibinə daxil olur. Bu zaman vitamin C-yə yer qalmır. Buna görə də meyvə-tərəvəzdan aldığımız vitamin C qanda bədəndə dolaşır və böyrəkdən xaric olur, biz onun faydasını görmürük. Beləliklə, bədəndə immunitet zəifləyir.

1 qaşıq şəkər immunitetimizi 4-5 saatlığa 40% zəiflədir. Bunu nəzərə alaraq, uşaqların qida rasionunda şəkəri minimuma endirmək, şəkərli qidalar verməmək, çörək, makaron kimi karbohidratlı qidaları da azaltmaq lazımdır. Mövsümi, təzə meyvə-tərəvəzə üstünlük verilməlidir.

– Bir çox uşaqlar xüsusən xeyirli olan yeməkləri yemək istəmir. Bu zaman valideyn necə davranmalıdır?

Əslində bu ailədən formalaşır. Uşaqlar böyüklərdə nə görürsə, ona qərar verir. Evdə böyüklər kolbasa-sosiska yeyirsə, uşaq da ondan dadacaq və digər yeməkləri yeməyəcək. Ona görə də, valideynlərə o qidaları rasionlarından çıxarmağı məsləhət görürük. Valideyn özü uşağa çipsi və ya qazlı içkilərdən verirsə, uşağın sonradan sağlam qidaları yeməməsi normaldır.

Əgər uşaq xeyri olmayan, ancaq dadlı hesab olunan yeməklərin dadına əvvəlcədən alışdırılıbsa, bu zaman valideynin də işi çətinləşir. Çünki valideyn deyə bilmir ki, mən səhv edib sənə onu vermişəm, bu gündən bunları (xeyirli qidaları) ye. Ona görə də uşaqlar o qidalarla – abur-cubur, şirniyyatla heç tanış edilməməlidir. Çünki 3 yaşına qədər olan uşaq anlaqlı deyil. Onlar belə qidaları hər vasitə ilə əldə etməyə çalışacaq və uşaq nevrozu yaranacaq. 3 yaşdan sonra isə biz bunu uşaqlara limitlə verə bilərik. Məsələn, şəkərli qidaları ancaq ad günlərində, bayramlarda və s.

Zərərli qidalardan istifadə edənlərdə qatqılar hesabına yaranan 6-cı dad hissi formalaşır. Həmin dad maddəsi beyində dopamin maddəsinin – həyat eşqi hormonunun artmasına səbəb olur. Və insan hər zaman həmin qatqılı qidalardan istifadə etməyə can atır. Bu məhsullar bədəndə lazımlı məhsulların yerini tutur, ancaq o funksiyanı yerinə yetirmir.

Bundan əlavə bədən rəngli, qazlı içkilərin tərkibindəki rəngverici, dadverici qatqılarla yanaşı, onların toksiki təsirinə də məruz qalır.

Karantin ərəfəsində isə iş daha da çətinləşir. Uşaqlar evdə qaldıqları üçün daha aqressiv olurlar və onlarla müzakirə aparmaq çətin olur. Bu səbəbdən uşaqların qida bazası əvvəlcədən düzgün formalaşdırılmalıdır. Özümüz də onlara nümunə olmalıyıq.

– Evdə qalan uşaqların psixologiyanın gərginləşməməsi üçün rejim necə təyin edilməlidir?

– Yay məktəbinə getməyə alışan uşaqlar üçün bu müddəti evdə keçirmək daha çətindir. Bildiyimiz kimi karantin müddətində yay məktəbi yoxdur. Ona görə də, valideynlərə (öz övladlarımla qurduğum kimi) yay məktəbi qurmalarını təklif edirəm. Biz evdə cədvəl qurmuşuq. Uşaqlar hər səhər durub idman edir, səhər yeməyi yeyib, öz qablarını yığır. 40 dəqiqə kitab oxuduqdan sonra, 30-40 dəqiqədən çox olmamaq şərtilə cizgi filmə və ya kompüterdə onları maraqlandıran məlumatlara, videoroliklərə baxırlar. Sonra evi yığışdırmaqda kömək edirlər. Qeyd edim ki, hər uşağın yaşına uyğun ona iş buyurmaq olar. Məsələn: öz paltarlarını və ya yerini yığışdırmaq.

Nahardan sonra hər gün maraqlı nəsə düzəldir və ya şəkil çəkirlər. Daha sonra isə master-klass keçirlər. Yəni meyvə, tərəvəz salatı, pizza, peçenye kimi onlara xoş olacaq və zamanlarını səmərəli keçirəcəkləri nələrsə hazırlayırlar. Ancaq yeməklər hazırlayarkən zərərli qidalardan maksimum istifadə etməməyə çalışın. Həftənin günlərinə onlara maraqlı olan oyunları – şahmat, dama və s. daxil edin. Gün ərzində fasilələrlə 3 dəfə televizor və ya kompüterdən istifadə edilə bilər. Ümumiyyətlə, gün ərzində uşaqlar 2 saatdan artıq televizor və kompüter qarşısında zaman keçirməməlidirlər.

– Hər gün həyətdə oynayan uşaqların virusa yoluxma ehtimalı daha təhlükəlidir, yoxsa təkidlə evdə saxlanılarlarsa yarana biləcək psixoloji gərginlik? Valideynlər hansı yolu seçməlidir?

– Həyətdə oynayarkən ətrafında COVID-19 infeksiya daşıyıcısı olan uşaq varsa, yoluxa bilər. Çünki uşaqlar bu virusu simptomsuz keçirir və digərinə ötürə bilir. Uşaqlar simptomsuz keçirsə də, yaşlı insanlara keçirdikdə onlar bunu simptomlu keçirə və ağırlaşa bilirlər. Hələ ki, uşaq orqanizmində fəsadlar görmürük. Lakin gələcəkdə bunun hansı fəsadlara gətirib çıxaracağını bilmək olmaz. Virusun mədəaltı vəzini zədələyib, şəkərli diabetə çevrilmə xüsusiyyəti də var. Buna görə də uşaqların yoluxmamasına çalışmalıyıq.

Dediyimiz kimi, sosial məsafəni qorumaqla uşaqlar həyətdə olmalı və günəş şüaları almalıdılar. Uşaq evə gələn valideyndən də, həyətdə olan uşaqlardan da yoluxa bildiyi halda, uşaqların həyətdə oynamaqlarına üstünlük verilir.