Vaşinqton terroru və erməni xisləti – TƏHLİL

image-abs-baki-768x403backend

Son günlər Azərbaycan ictimaiyyətinin fikri bir məsələ ətrafında toplanmış və müəyyən qədər ümid verici hadisələr yaşanmışdı. Ona görə ki, istər Praqadakı görüşdə, istərsə də sonraki görüşlərdə Azərbaycan və Ermənistan tərəfləri liderlər səviyyəsində sülh istiqamətində ciddi razılaşmalar əldə edib. Düzdür bu razılaşmalar hələlik hansısa formda rəsmiləşdirilməsə də, liderlər səviyyəsində problemin həlli ətrafında ortaq məxrəclərin mümkünlüyündən xəbər verir.

Qısacası, proseslər bu cür davam edərsə yaxın zamanlarda ciddi razılaşmaların və nəhayət sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ehtimalları artır. Ta ki, Vaşinqtonda Azərbaycan Səfirliyinə aid xidməti maşının silahlı hücuma məruz qalmasına qədər…

Düzdür bu terror hadisəsi sülh istiqamətində atılan addımlara zərər verəcək gücdə deyil. Ancaq hadisənin özünə deyil, arxasındakı məkrli niyyətlərə fokslansaq narahat olmağa dəyəcək ciddi məsələlərlə üzləşəcəyik. Vaşinqton terrorunun arxasındakı məkrli planlara toxunmadan öncə deməliyik ki…

Əvvəla, hadisəni törədənlərin kimlər olduğu barədə dəqiq fikir söyləmək mümkünsüzdür. İki ehtimal mövcuddur: Ya ermənilər özü bu terroru təşkil edib, ya da ki bu hansısa görünməyən gücün işidir. O güc ki, Qafqazda sülhü istəmir və hər vəchlə sülh prosesinə xələl vermək istəyir. Düzü təşkilatçı ermənilər özü olduqda da məkrli plan dəyişmir. Əsas məqsəd sülh prosesini əngəlləməkdir.

İkinci ehtimal, yəni terror hadisəsini digər qüvvələrin törətməsi ehtimalları az da olsa mövcuddur. Xatırlamaq lazımdır ki, bir müddətdir davam edən sülh prosesinə zərər vermək istəyən qüvvələr zaman-zaman Azərbaycan-Ermənistan sərhədində təxribatlar formalaşdıraraq iki ölk arasında normallaşma prosesini müharibə ilə dəyişdirməyi hədəfləyib. Ancaq Azərbaycan ordusunun bölgədə işğalçı ordudan üstün olması və regionun siyasi-hərbi həyatına diqtə etməsi nəticəsində bu müdaxilələr nəticə verməyib. Həmin qüvvələr dəfələrlə sərhəddə təxribatlara cəhd etmiş, bununla da sülh prosesini zədələmək istəmiş, ancaq heç bir halda uğurlu olmamışdır. Bunun nəticəsidir ki, İstər Qərb və ABŞ-dakı, istər Rusiya və İrandakı qüvvələr hadisələrə müdaxilə etmək üçün fərqli yollar axtarırlar. Çünki ABŞ və Qərb çalışır ki, bölgədə sülh və normallaşma prosesi Azərbaycanın diqtəsi ilə deyil, erməni maraqlarına hesablanmış şəkildə həyata keçirilsin. Rusiya və İran isə, ümumiyyətlə iki ölkə arasındakı problemlərin tam həllinə maraqlı deyil. Onlar sadəcə öz maraqlarına uyğun olan qədər normallaşmadan yanadırlar…

Ancaq əvvəl də qeyd etdiyimiz kimi, bu ehtimal terror aktını ermənilərin özünün törətməsi qədər aktual deyil. Hazırda Rusiyanın daha ciddi problemləri var, İranın daxili və xarici siyasəti xaotik vəziyyətdədir, Qərb və ABŞ isə, daha ciddi təhlükələrə qarşı səfərbərdirlər. Qısacası, bu qüvvələr yeni problemlər axtarışında və həvəsində deyillər.

Ermənilər isə, öz dövlətçilik ənənələrinə davam edərək, belə bir terror aktını “ən effektiv yol” olaraq görə bilərlər. Heç kəsə sirr deyil ki, ermənilərin dövlətçiliyi terror aktları üzrində qurulub, terror sayəsində də inkişaf edib. Biz bu terror təcrübəsini ilk başlarda Osmanlı imperiyasında, daha sonra isə Azərbaycan torpaqlarında dəfələrlə görmüşük.

Vaşinqton terrorunda erməni izi ona görə görünür ki, radikal erməni milliyətçiləri proseslərdən narazıdır. Yuxarıda qeyd etdiyimiz kimi, davam edən sülh və normallaşma danışıqlarında Azərbaycan tərəfi diqtə edir. Ermənistan dövləti isə, sadəcə diqtə edilmiş məsələlər üzərində öz maraqlarını qorumağa çalışır. Onun nə yeni təklif etmək ixtiyarı var, nə də ki bu və ya digər formada nəyisə diqtə edə bilər…

Arxasında beynəlxalq güclər olmasına baxmayaraq, masada bu üstünlüyünü istifadə edə bilməyən və rəzil vəziyyətə düşmüş Ermənistan dövlətinin hazırki vəziyyəti ermənilər arasında xoş qarşılanmır. Nikol Paşinyandan imtina etməyin bu dəfə yenidən rus meyilli qüvvələrin yolunu açmaq olduğunu anlayan Qərbdəki erməni lobbisi hadisələrə bir şəkildə müdaxilə etməyə çalışır. Onlar istəyir ki, həm Paşinyan iqtidarı devrilməsin, həm də sülh müqaviləsi imzalandığı zaman Azərbaycanın diqtəsi deyil, Ermənistanın maraqları əsas alınsın.

Ancaq erməni lobbisi özü də anlamış olmalıdır ki, onların bu istəkləri beynəlxalq hüquqa və normal dövlət mexanizminə əsaslanan addımlarla mümkün olmayacaq. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir və Ermənistan buna müdaxilə etməməlidir. Bundan başqa, erməni lobbisi artıq hesablamağa başlayır ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiyası prosesi zamanı xəritələrin müəyyənləşməsi məsələsində də diqtə edə bilər. Məsələn, Azərbaycan tərəfi varis dövlətlər mövqeyindən çıxış edər və SSRİ-dən əvvəlki müstəqil Azərbaycan və Ermənistan dövlətlərinin xəritələri üzərindən delimitasiya tələb edər. Ermənilərin bu narahatlığına digər bir əsas odur ki, İran tərəfi dəfələrlə bölgədəki xəritələrin dəyişməsini və Ermənistan ilə sərhədlərində problem yaşanmasını özlərinin qırmızı xətti olaraq adlandırıb…

Vaşinqton terroru ilə ermənilər nə əldə etməyə çalışır?

Ümumiyyətlə, ermənilər həmişə bu kimi terror hadisələri təşkil edib və terrordan doğan nəticələrdən faydalanmağı bacarıb. İndi də hesablayırlar ki, Azərbaycan cəmiyyəti, elə siyasətçiləri də terror təhlükələrindən çəkinərək, sülh müqaviləsinin tezləşdirilməsinə çalışacaq. Bu halda, Azərbaycan tərəfi diqtə etməsinə baxmayaraq, müəyyən güzəştlərə də maraqlı olacaq. Güzəştlərin nə olacağı barədə isə, ermənilərin öz hesablamaları mütləq ki vardır. Az-çox təxmin etmək mümkündür: Zəngəzur məsələsi ümumiyyətlə danışıqların tərkib hissəsinə çevrilməyəcək, tranzit yollardan müəyyən pay qoparılacaq və Qarabağ erməniləri üçün öz müqəddəratını təyin etmək barədə müstəsna güzəştlər əldə ediləcək. Təbii bunlar erməni xülyası olaraq qalacaq… Digər tərəfdən ermənilər bu terror aktı ilə dünyanın fikrini yenidən Qafqaza çəkməyə çalışırlar. Çünki hazırki proseslərdə həmişə erməniləri müdafiə edən ABŞ, Fransa, Rusiya, İran kimi güclü dövlətlərin diqqəti öz xarici siyasət məsələlərinə qarışıb. Hətta bu ölkələrin xarici və daxili siyasətlərində o qədər ciddi problemlər var ki, onların Ermənistana havadarlıq etməklə bağlı istəkləri olsa da, geosiyasi və ümumi siyasi vəziyyətləri buna imkan vermir. İndi ermənilər maksimum çalışır ki, bu kimi terror və ya bənzəri hərəkətlərlə yenidən dəstək alsınlar və masada məhvə doğru gedən erməni dövlətçiliyini xilas etsinlər.

İstənilən halda, Azərbaycan tərəfi erməni xisləti və ermənilərin terrorçuluq məharətlərinə bələddir. İndi maksimum şəkildə diqqətli olub, Azərbaycan xalqını, Azəbaycan dövlətini və onu xaricdə təmsil edən siyasi nümayəndələrini qorumaq lazımdır. Erməni terrorizminə diz çökdürmədikcə onların öz istəkləri ilə “düzələcəyini” gözləmək olmaz, mümkün deyil.

Həşim Səhrablı/Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki