Venesiya bu ilə qədər su altında qalacaq – TƏDQİQAT

image-venedikbackend

Venesiyanın bəzi hissələri 2150-ci ilə qədər su altında qalacaq.

Busaat.az xarici mətbuata istinadla xəbər verir ki, bu, İtaliyada alimlərin apardığı yeni araşdırmada yer alıb.

Tədqiqat Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri tərəfindən aparılıb və gelgit səviyyəsinin artması ilə bağlı məlumatlar təhlil edilib.

Dünyanın ən turistik şəhərlərindən biri olan Venesiya onilliklərdir ki, getdikcə tez-tez baş verən daşqınlarla mübarizə aparır.

Venesiyanı və Adriatik dənizinin şimalındakı adalarını əhatə edən 550 kvadrat kilometrlik dayaz körfəz olan laqunda hazırda daşqından qorunma sistemi mövcuddur. Lakin alimlər bu maneələrin kanal şəhərini daim batmaqdan və dəniz səviyyəsinin qalxmasından qorumaq üçün kifayət etməyəcəyi qənaətindədirlər.

INGV-nin bir qrup alimi, Venesiya laqonunda gelgit səviyyəsinin ildə təxminən yarım santimetr yüksəldiyini aşkar edib.

Dəqiq artım şəhər daxilində dəyişir, Lido adasında 4,22 millimetrdən Malamokkoda 5 millimetrə qədər. Sözügedən məlumatlar Venesiyanın gelgit mərkəzinin son 20 ildə topladığı statistikaya əsaslanır.

Tədqiqatçılar bu məlumatları 2008-2023-cü illər arasında qeydə alınan yerin çökməsi ilə bağlı peyk məlumatları ilə birləşdiriblər. Araşdırma nəticəsində şəhərin bəzi hissələrinin 2150-ci ilə qədər həmişəlik su altında qalacağı qənaətinə gəlinib.

Alimlər Venesiyanın ən məşhur meydanı sayılan Müqəddəs Mark meydanının hissələrinin 70 santimetr suyun altında qalacağını təxmin edirlər. Şəhərin qərb tərəfi bu vəziyyətdən ilk təsirlənən ərazilərdən biri olacaq. 2019-2023-cü illər arasında 58 dəfə su altında qalan bu bölgə ən çox su basan bölgələrdən biridir.

INGV-nin tədqiqatçısı Marko Anzidei deyib ki, dəniz səviyyəsinin qalxması, xüsusən də yerli çökmə ilə sürətlənirsə, getdikcə daha ciddi və geniş yayılmış sahil eroziyasına, çimərliklərin geri çəkilməsinə və dəniz daşqınlarına səbəb olur ki, bu da əhali üçün çox əhəmiyyətli ekoloji və sosial-iqtisadi təsirlərə malikdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki