Xəzəryanı ölkələr arasında dostluq

image-download-15backend

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət – Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ – İran razılaşmasını qəbul edirdi. Bu müqavilələr 1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan “SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə” hesab olunur. Bu gün Xəzərin yekun statusu hələ müəyyən olunmadığı üçün 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini itirməyib. 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoydu.  2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi.

Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiya imperiyasına Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran (Qacarlar) müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P. Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-cı ildə “Ticarət və dənizçilik haqqında” imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanmışdır.

Xəzər dənizi ilə bağlı uzun illər davam edən mübahisələrdən sonra beş sahilyanı ölkə 2018-ci ildə Tehran Konvensiyasını imzalasa da, ətraf mühitlə bağlı əməkdaşlıq baxımından ciddi nəsə baş verməyib. 2021-ci ilin yanvarında Türkmənistan Dostluq karbohidrogen yatağı ilə bağlı on ildir davam edən mübahisələrə son qoyaraq, Azərbaycanla ortaq kəşfiyyat və işləmə sazişini ratifikasiya etdi. Bu ortaq inkişaf sazişi iki ölkənin keçmişdəki fikir ayrılıqlarını geridə qoymasına kömək edərək, ticarət və ekoloji məsələlərdə daha çox əməkdaşlığa yol aça bilər. Azərbaycan Xəzər dənizi vasitəsilə Şərqlə Qərbi birləşdirən ticarət dəhlizinin inkişafından böyük fayda əldə edə bilər, amma ciddi ekoloji tənzimlənmələr olmadan artan dəniz ticarəti Xəzər dənizinin çirklənmə və səhralaşma səviyyələrinə mənfi təsir edəcək.

Xəzər dənizinin quruması ilə bir sıra digər problemlər yaranır. Birincisi, sahilyanı əhalinin Xəzərə çıxışı və balıq ovu sahələrinin azalması ərzaq təhlükəsizliyinə mənfi təsirləri səbəbindən kiçik sahil kəndlərə pis təsir edəcək. İqtisadi baxımdan da vəziyyət yaxşı deyil. İqlim dəyişikliyi və ticarətin yan təsirlərinin pisləşməsi dəniz nəqliyyatı infrastrukturuna olduqca mənfi təsir göstərir.

Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

 

 

Talıbzadə Fatimə

 Yeni Azərbaycan Partiyasının  üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90