“Xocalıda, Xankəndində  Azərbaycan bayrağı mütləq dalğalanacaq…”- Ayaz Mütəllibov

image-8backend

“Bu ərazilərimizdə müvəqqəti olaraq sülhməramlıların yerləşməsi torpaqlarımızın azad olunma prosesinin siyasi-diplomatik müstəviyə keçidinin göstəricisidir…”

“O torpaqlar ermənilərin yox, Rusiya sülhməramlılarının nəzarətindədir…”

Azərbaycan son 44 günlük savaşda bir qərinə ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarının əksəriyyətinin azad olunması ilə nəticələnən böyük bir zəfər əldə etsə də, Yuxarı Qarabağın xeyli hissəsində, o cümlədən 29 il öncə dəhşətli soyqırımı sayəsində işğal olunmuş Xocalı şəhərində hələ də üçrəngli bayrağımız dalğalanmır. Həmin ərazilərə faktiki nəzarət edən Rusiya hərbçiləri də rəsmi məlumatlarında bu məntəqəmizi Xocalı yox, ermənilərin istədiyi kimi, “İvanyan” adlandırır. Bu kimi hallar da qeyri-iradi Azərbaycan insanının, xüsusən həmin rayondan olan məcburi köçkünlərin qəlbində böyük etiraz hissi yaradır…

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransında dövlət başçısı əminliklə bildirdi ki, biz Xocalıya qayıtmalıyıq. Bəs görəsən, məhz bu yaşayış məntəqəmizin işğalı dövründə, o çox mürəkkəb daxili və beynəlxalq şəraitdə Azərbaycanın ilk Prezidenti olmuş və Xocalı soyqırımı haqda tükürpərdici xəbər və video-kadrların yayıldığı o günlərdə istefa vermiş Ayaz Mütəllibov bu mövzuda nə düşünür? Xocalı ilə yanaşı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd və s. torpaqlarımıza da yaxın zaman kəsimində dönə biləcəyikmi?..

“Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın böyük hissəsi Prezident İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti nəticəsində, ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində işğaldan azad olundu. Burada Şuşa şəhərinin azad olunmasını xüsusi qeyd etmək gərəkdir… Biz bu zəfərlərimizlə bir millət, xalq olaraq dünya miqyasında öz tarixi ad, şərəf və simamızı bərpa etdik” – Moderator.az-a açıqlamasında eks-pezident belə söyləyib.

“Xocalı məsələsinə gəldikdə, bildiyiniz kimi, 10 Noyabr razılaşmasına qədər yalnız Xocalı, Xankəndi, Ağdərə və s. yox, digər 3 rayonumuz – Ağdam, Kəlbəcər və Laçın da ermənilərin işğalı altında qalırdı. Sözügedən razılaşmaya əsasən həmin 3 rayonumuz heç bir güllə atılmadan Azərbaycanın tabeçiliyinə qaytarıldı. Bu da məhz İlham Əliyevin siyasətinin nəticəsidir ki, torpaqlarımızın işğaldan azad olunması prosesini hərbi yoldan siyasi-diplomatik müstəviyə keçirdi. Və bununla böyük insanpərvərlik nümayiş etdirərək hər iki tərəfdən baş verə biləcək daha böyük insan itkilərinin qarşısını aldı. Beləliklə, bu gün adları çəkilən 3 rayonumuzda da Azərbaycan bayrağı dalğalanır… O ki qaldı Xocalı, Xankəndi, Ağdərə və s. torpaqlarımıza, Ali Baş Komandanımızın öz çıxışlarında qeyd etdiyi kimi, burada zaman məsələsi var. Əmin olmaq lazımdır ki, mümkün qədər qısa müddətdə həmin ərazilərimiz də Azərbaycanın yurisdiksiyasına qaytarılacaq və orada bizim qanunlar qüvvəyə minəcək” –deyə sabiq dövlət başçısı əminliklə bildirib.

Eks-prezident Yuxarı Qarabağda dövlətimizin suverenliyinin bərpası prosesinin uzanmasına da aydınlıq gətirməyə çalışıb.

“Onu da nəzərə almaq gərəkdir ki, müharibənin bitməsindən cəmi 3 aydan bir az çox vaxt keçib. Və bir çox super güclərin maraqlarının toqquşduğu, ziddiyyətli bir geostrateji məkanda yerləşən Azərbaycanın öz haqlarını diqtə edərək Ermənistan üzərində böyük qələbə qazanmasına rəğmən bu qısa müddətdə elə həmin güclərin ermənilərdən alət kimi yararlanaraq bir əsrdən çox bir zamanda qaldırdığı uydurma Qarabağ problemini tam həll etmək asan məsələ deyil. Belə bir məqamda xüsusən onu vurğulamaq lazımdır ki, bütün bu təhdidlər, təhlükələr qarşısında Azərbaycan dövlətinin ən böyük gücü, ən böyük potensialı onun xalqı və xalqla dövlətin birliyidir. Son müzəffər 44 günlük müharibə də bunu təsdiqlədi. Bu savaş Azərbaycan xalqının nə qədər əzmkar, qeyrətli və rəşadətli bir xalq olduğunu sübut etdi.Və bu amili bütün dünya dövlətləri də yaxşı anladı… Odur ki, məhz bu dövlət-xalq-ordu birliyi, əzmi sayəsində mütləq Xocalıda və s. torpaqlarımızda da Azərbaycan bayrağı dalğalanacaq. Sadəcə, bir az da səbirli, təmkinli olmaq gərəkdir. Dəfələrlə işğaldan azad torpaqlarımıza səfər edən Prezident də artıq Qarabağa Böyük Qayıdış istiqamətində böyük işlərə start verib. O torpaqlara böyük sərmayə yatırılır, gələcək iqtisadi inkişafın təməlləri qoyulur, yollar, infrastruktur, loqistika bərpa edilir, keçmiş köçkünlər üçün ən yüksək səviyyədə, müasir yaşayış məntəqələrinin layihələri hazırlanır. Bütün bunlar da onu göstərir ki, biz yaxın zamanda ermənilərin yox, Rusiya sülhməramlılarının nəzarətində olan həmin Qarabağ torpaqlarına da dönəcəyik…
Rusiya sülhməramlıları da Azərbaycana müvəqqəti olaraq sülhü, atəşkəsi təmin etmək üçün gətiriliblər. Yəni Rusiya hərbçilərinin daimi Qarabağ torpaqlarında qalacağı barədə heç bir sənəd imzalanmayıb. Keçmiş Dağlıq Qarabağ vilayətindəki Xocalı, Xankəndi, Ağdərə və s. kimi məntəqələrdə müvəqqəti olaraq sülhməramlıların yerləşməsi məhz öncə dediyimiz kimi, torpaqlarımızın azad olunma prosesinin siyasi-diplomatik müstəviyə keçidinin göstəricisidir. Bu mövzuda kimlərsə spekulyasiya qurmaq, xalqa nəsə təsir göstərməyə çalışırsa, bu, şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına qazanılmış son qələbəmizə kölgə salmaq niyyəti daşıyır. Bununla heç cür razılaşmaq olmaz. Çünki ortada olan faktlar sübut edir ki, biz 33 illik bir problemin əsas hissəsinin həllinə nail olmaqla böyük bir zəfər qazanmışıq. Sadəcə, müəyyən zaman çərçivəsində Kəlbəcər, Laçın, Ağdam kimi Xankəndi, Xocalı, Ağdərə və s. torpaqlarımız da siyasi-diplomatik yollarla dövlətimizin tabeliyinə qayıdacaq. Və lazımi müddət keçəndən sonra Rusiya sülhməramlıları da Azərbaycan ərazilərini tərk edəcək və dövlətimiz tam müstəqil şəkildə Qarabağdakı bərpa, quruculuq, məskunlaşdırma işlərini davam etdirəcək. Nəticədə ölkəmiz tam sakit, dinc, stabil inkişaf və tərəqqi yoluna qədən qoyacaq…”

“Son Qarabağ savaşında olduğu kimi qalan torpaqlarımızda suverenliyimizin bərpasında da qardaş Türkiyənin rolu böyük əhəmiyyətə malikdir. Bu gün də Türkiyə Azərbaycanın yanındadır və bundan sonrakı proseslərdə də dövlətimizin tam qələbə əldə etməsi üçün həm siyasi-diplomatik, həm də hərbi-texniki əməkdaşlıq çərçivəsində onun dəstəyini yaxından duyuruq. Qardaş ölkə general və zabitlərinin bu yaxınlarda təşkil olunmuş atəşkəsə nəzarət üzrə monitorinq mərkəzindəki iştirakı da az əhəmiyyət kəsb etmir. Bütün bunlar da bizə cəsarət və qətiyyət verməklə yanaşı, Qarabağdakı gələcək işlərimizin uğurla nəticələnəcəyinə böyük əminlik yaradır”- deyə Ayaz Mütəllibov qardaş Türkiyənin torpaqlarımızın işğaldan azad olunma prosesindəki rolunu xüsusi olaraq vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90