Son günlər havanın qeyri-sabit keçməsi bir çox sahələrə mənfi təsir göstərir.
Bəs görəsən küləyin, yağışın kənd təsərrüfatına hansı zərərləri var?
Bu barədə Busaat.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, hazırda respublikada kənd təsərrüfatının qeyri-aktiv dövrlərindən biridir, taxıl biçini başa çatıb, meyvə yığımı yekunləşmaq üzrədir və bu baxımdan yağıntıların miqdarının artmasının kənd təsərrüfatına ciddi bir mənfi təsiri yoxdur.
Onun sözlərinə görə, paralel olaraq yağan yağışların müsbət təsir göstərdiyi istiqamətləri var:
“Bunun həm heyvandarlıqda istifadə olunan yonca əkinlərinə, eyni zamanda pambıq əkinlərinə müsbət təsirləri var. Pampıq, qarğıdalı kimi su tələb edən bitkilərə yağıntıların miqdarının çox olması həmin məhsulların su ilə təminatında müsbət rol oynayır”.
Vüqar Hüseynov: Yağıntılardan zərər görən fermerlər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər
Taxıl biçinindən sonra təkrar əkinlər aparıldığını deyən müsahibimiz təkrar əkinlər sırasında qarğıdalının ən çox su tələb edən bitki olduğunu vurğulayıb və dəmyə bölgələrində yay fəslində belə yağıntıların düşməsinin həmin bitkilərin suya olan təlabatının təmin olunmasını həyata keçirdiyini deyib.
V.Hüseynovun dediyinə görə, təbii ki, belə yağıntıların mənfi təsirləri də var və bunlardan biri arıçılıq sahəsində yaranan müəyyən problemlərdir:
“Xüsusilə yaylaqlarda yağıntıların davamlı şəkildə olması arıların işləməsinə, nektar tədarükünə mane olur. Çox təəssüf olsun ki, ötən il də yaylaqlarda belə analoji hal müşahidə olunmuşdu. Amma proqnozlar göstərir ki, çox qısa zaman sonra normal hava şəraiti bərpa olunacaq”.
Həmsöhbətimiz nəzərə çatdırıb ki, həyətyanı sahələrdə və yaxud müxtəlif istiqamətlərdə əkin sahələrində yağıntılardan dəyən hər hansı zərərlə bağlı məsələlər varsa, fermerlər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
V.Hüseynov öz əkin sahələrini, bağlarını sığortalayanların 1651 çağır mərkəzinə zəng etməklə öz zərərlərini dəyərləndirməsi və ekspertizanın aparılması ilə bağlı müraciət edə biləcəklərini diqqətə çatdırıb:
“Aqrar Sığorta Fondu tərəfindən dərhal onların əkinlərinə ekspertlər göndərilir və zərərin dəyərləndirilməsi həyata keçirilir. Zərər müəyyənləşdirildikdən sonra mövsümün sonunda fermerlərə zərərin ödənilməsi təmin edilir”.