Bir neçə gün öncə “Hizbullah” təşkilatı Qolan təpələrinin ətəklərindəki Şebaa rayonunda yerləşən İsrail kazarmalarına zərbələr endirib. Digər əməliyyat isə Kfar Şuba təpəsindəki komanda məntəqəsinə və kazarmalara qarşı, “Katyuşa” qurğularından zərbələr endirməklə aparılıb.
Busaat.az-ın məlumatına görə, ötən gün isə Qolan təpələrindəki Məcdəl-Şəms qəsəbəsinə raket hücumu nəticəsində 12 nəfər ölüb. İsrail ordusu cavab olaraq “Hizbullah” təşkilatının Raşaya əl Fuhhar və Əl Xabariyyə məntəqələrindəki mövqelərini atəşə tutublar.
Son hücumla bağlı İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bir bədəl ödəyəcək” deyə açıqlama verib.
Bu gedişat yeni Yaxın Şərq müharibəsinin başlamasına səbəb ola bilərmi?
İlyas Hüseynov: Hansısa qüvvələr Yaxın Şərqdə dayanıqlı müharibənin olmasında maraqlıdır
Siyasi şərhçi İlyas Hüseynov Busaat.az-a açıqlamasında bildirib ki, İsraillə HƏMAS arasında sülh razılaşmasının getdiyi vaxtda yeni müharibə ilə bağlı siqnallar ötürülür.
Onun sözlərinə görə, indiki məqamda İsrailin “Hizbullah”a qarşı kəskin əməliyyat həyata keçirməsi öz qüvvələrinin parçalanmasına səbəb ola bilər:
“Livanın “Hizbullah” təşkilatı İsrail üçün baş ağrısına çevrilib. “Hizbullah”ın hücumları nəticəsində İsrail ordusu itkilər verib, yaralılar var. İsrail, ABŞ və Böyük Britaniya bu təşkilatın məhv edilməsi və şeyx Nəsrullahın hədəf kimi seçilməsi barədə düşünür. Bu isə Yaxın Şərqdə yeni mənzərənin formalaşmasına səbəb olur”.
Müsahibimiz vurğulayıb ki, artıq yeni müharibə ssenarisi haqqında müzakirələr gedir. Onun sözlərinə görə, bir sıra beynəlxalq aviadaşıyıcılar Livana səfərlərini təxirə salıb:
“Bu vəziyyət adətən genişmiqyaslı müharibənin baş verəcəyi ilə bağlı siqnal rolunu oynayır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar və institutlar tərəfləri təmkinli olmağa çağırır”.
İlyas Hüseynov hesab edir ki, İsrail-“Hizbullah” müharibəsi baş verərsə, bunun siyasi tərəfləri də olacaq. Bu isə Yaxın Şərqdəki vəziyyətin tamamilə qarışmasına yol açacaq.
“Görünən odur ki, Yaxın Şərqdə hansısa qüvvələr sülhdən daha çox, dayanıqlı müharibənin olmasında daha maraqlıdır”, – deyə siyasi şərhçi qeyd edib.
Əziz Əlibəyli: İsrailin sərgilədiyi davranışlar yeni müharibənin baş verəcəyi ehtimalını artırır
Politoloq Əziz Əlibəyli isə Busaat.az-a açıqlamasında bildirib ki, beynəlxalq aləmdə baş verən son proseslər yeni müharibə ilə bağlı proqnozları daha da artırır:
“Müəyyən müddətdir ki, İsrailin sərgilədiyi davranışlar yeni müharibənin baş verəcəyi ehtimalını artırır”.
Onun sözlərinə görə, bu baxımdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili dayandırmaqla bağlı addımlar atacağını istisna etməyib:
“Bu o deməkdir ki, yaxın vaxtlarda İsrailə hücumlar ola bilər”.