Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat lazımsız xərclərin qarşısı alınıb.
Busaat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Eyni zamanda aparılan sistematik iş nəticəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna dair məhkəmə qərarlarının sayı 94 %, yaranan maliyyə öhdəlikləri isə 93 % azalıb. Fondun fəaliyyət istiqamətləri üzrə ümumi 84 xidmətdən 79-u elektronlaşdırılıb, 2019-2024-cü illərdə ümumilikdə 830 mindən çox proaktiv elektron təyinat aparılıb. Bu il aparılmış yaşa görə pensiyaların proaktiv təyinatının payı ümumi təyinatların 89 %-ni təşkil edib. Bu isə həmin sahədə şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Fondun cari fəaliyyətində bütün ölkə üzrə maliyyə-mühasibatlıq işinin mərkəzləşməsi hesabına maliyyə əməliyyatlarına nəzarət gücləndirilib, sosial ödənişlər məmur-vətəndaş təması olmadan bir mərkəzdən şəffaf və operativ təmin olunub, ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi həyata keçirilib, bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib və bu proses çərçivəsində benefisiarı bilinməyən 1,4 milyard manatlıq vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənib.