2023-cü ilin ilk 6 ayı ərzində Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 73 inzibati işə baxıb.
Busaat.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin rəisi Nicat Əliyev məlumat verib.
O bildirib ki, işlərdən 37 faizi dövlət müəssisələrini, 63 faizi isə özəl müəssisələri əhatə edib: “Sənaye müəssisəsi üzrə 4 faiz, tibb müəssisələri üzrə 96 faiz inzibati işə baxılıb”.
Dövlət Agentliyinə 2023-cü ilin ilk 6 ayı ərzində radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub. Müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faizi isə təmin olunmayıb: “Tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün 96 müraciətdən 40 faizinə müsbət cavab verilib və xüsusi icazə verilib, 60 faizi təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib”.
Agentlik tərəfindən bu ilin 6 ay ərzində 168 yoxlama nəzarət tədbiri həyata keçirilib. Tibb müəssisələri üzrə 57 faiz özəl, 43 faiz isə dövlət müəssisələrində yoxlamalar aparılıb. Bundan başqa, sənaye və elmi tədqiqat müəssisələri üzrə 86 faiz özəl müəssisələrdə, 14 faiz isə dövlət müəssisələrində yoxlama keçirilib.
17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb. Bu tibb müəssisələrinin 94 faizi dövlət, 6 faizi isə özəl müəssisələrdir.