Avropa İttifaqı (Aİ) tərkibində trimetilbenzoil-difenilfosfin-oksid (TPO) olduğu üçün gel dırnaq boyalarının istifadəsini rəsmən qadağan edib. Səbəb isə gelin tərkibindəki TPO-nun orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır. Bildirilir ki, bu kimyəvi maddə, həmçinin dırnaq sədəfində infeksiyalaşmaya gətirib çıxarır. Azərbaycanda isə belə məhsullar hələ də geniş istifadə olunur və qadınlar arasında olduqca populyardır.
Bu baxımdan ölkəmizdə də gel dırnaq boyalarının istifadəsinə məhdudiyyət qoyula bilərmi? Hansı fəsadları var?
Busaat.az xəbər verir ki, Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, TPO maddəsi orqanizm üçün ciddi risk daşıyan kimyəvi birləşmələrdən sayılır:
“Araşdırmalara görə, bu komponentin uzunmüddətli təsiri bədəndə xərçəng hüceyrələrinin yaranma ehtimalını artırır. TPO-dan diş plomblarında da istifadə edilir və onları sərtləşdirmək üçün fotopolimerləşmə prosesində vacib rol oynayır. Bəzi mənbələrə görə, dəridə birbaşa təması olmadığı halda və minimal dozada istifadə edildikdə təhlükə riski çox azdır. Lakin eyni maddənin gel dırnaq boyalarında istifadəsi daha təhlükəlidir və buna görə Aİ istifadəsini məhdudlaşdırıb. TPO dırnaq səthinə nüfuz edərək toksik təsir göstərə, dırnaq sədəfini zədələyə, infeksiyalara yol aça və hormon balansını pozaraq reproduktiv sistemə yol aça bilər. Fitalatlarla birlikdə, cinsiyyət orqanlarının fəaliyyətinin zəifləməsi, hətta doğulmamış uşaqlar üçün də risk mümkündür. Buna görə gel dırnaq boyalarından ehtiyatla istifadə etmək, dəriyə və dırnağa birbaşa təmasdan qaçmaq çox vacibdir”.
Terapevt qeyd edib ki, kosmetik məhsullarda istifadə olunan TPO və bənzər kimyəvi maddələr ümumi sağlamlığa da təsir göstərə bilər:
“Belə ki, uzunmüddətli və davamlı istifadə edilən kimyəvi maddələrin hormonal balansı pozması, reproduktiv sistemdə disfunksiya yaratması mümkündür. Bu, sonsuzluq riskini artıran faktorlar sırasındadır. Bəzi kanserogen və toksik maddələr sperma keyfiyyətini azalda, yumurta hüceyrələrinin sağlamlığını zəiflədə bilər. TPO, paraben və fitalat kimi kimyəvi maddələr endokrin sistemə təsir edərək reproduktiv sağlamlığı zəiflədir”.