Redaksiyamıza Gəncə şəhər 52 saylı körpələr evi – uşaq bağçasından şikayətlər daxil olub.
“Xəbərsiz”ə müraciət edən bir neçə valideyn bildirir ki, bağçada rəhbər dəyişikliyindən sonra qida və digər təşkilatçılıq məsələlərində narazılıqlar artıb.
İddiaya görə, Quliyeva Şəhla Tahir qızının təyinatından sonra uşaqların qidalanmasında ciddi şəkildə narahatlıqlar yaranıb.
Məlumata görə, bu barədə rəhbərliyə dəfələrlə müraciət edilsə də şikayətçilər kobud rəftarla cavablandırılırlar:
“Dəfələrlə həm valideynlər, həm də müəllimlər olaraq müraciət etmişik. Nəticə yoxdur. Uşaqlar evə ac-susuz gəlirlər. Şikayət edirik, bizə sərt və kobud şəkildə cavab verilir. Uşaqlarımıza çox pis baxılır. Hətta yeni müdirəmiz bundan əvvəlki işindən belə şeylər ucbatından qovulub. Uşaqlara meyvə verilmir, qida çox az verilir. 2 qurtum su ilə uşaq necə qalsın. Bir boşqab aşı 20 uşağa yedirdirlər” – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən yoxlama üçün gələn vəzifəlilər də müdirənin tanışları olduqları üçün, qanunsuzluqlara göz yumurlar.
Şikayətçilər iddia edirlər ki, uşaqlar üçün nəzərdə tutulan qidalar iş gününün sonunda bağçanın işçiləri tərəfindən evə aparılır.
Mövzu ilə bağlı yazıda adıçəkilən qrum və şəxslərin mövqelərini yayımlamağa hazırıq.
Foto və videoları təqdim edirik:









