7 körpənin yanğında öldüyü Perinatal Mərkəzin təmiri nə vaxt bitəcək?

image-perinnnnjpg-1748262681backend

 “Respublika Perinatal Mərkəzdə təmir işləri ilə bağlı layihələndirilmə prosesi yekunlaşıb. Müvafiq qurumlardan rəy alınma mərhələsindədir”.

Bu barədə Busaat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, aidiyyəti üzrə müsbət rəy alındıqdan sonra təmir-tikinti iş və xidmətlərinin satınalınması prosesinə başlanılacaq.

Qeyd olunub ki, plana uyğun olaraq, qısa müddətdə işlərin tamamlanması və Respublika Perinatal Mərkəzinin ümumilikdə əsaslı təmiri planlaşdırılır.

“Respublika Perinatal Mərkəzinin tibbi heyəti hazırda TƏBİB-in tabeliyindəki profil üzrə ayrı-ayrı tibb müəssisələrinə ezam olunub, onların iş fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir, vahid tarif cədvəli üzrə əmək haqları və göstədikləri xidmətə uyğun olaraq bonusları hesablanır”,- deyə qurumdan bildirilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki