İsveçin Aİ Xarici Əlaqələr Xidmətinin əməkdaşı Yohan Floderus 500 gün İranda həbsdə olub.
Busaat.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Avropa Birliyi məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İspaniyanın Kadis şəhərində keçirilən Aİ İnkişaf Nazirləri Toplantısı öncəsi mövzu ilə bağlı açıqlama verib.
“Şəxsən mən, bütün komandam və bütün Aİ qurumları, prioritet konsulluq mühafizəsinə cavabdeh olan İsveç səlahiyyətliləri və ailəsi ilə sıx əlaqədəyik”,- Borrell deyib.
O, məsələni İranla diplomatik təmasda masaya gətirdiyini vurğulayıb. Borrell, Floderus azad edilənə qədər prossesi izləyəcəklərini bildirib.
“The New York Times” qəzeti Avropa İttifaqının Xarici Əlaqələr Xidmətində çalışan 33 yaşlı isveçli Yohan Floderusun 2022-ci ilin aprelində turist kimi getdiyi İranda həbs olunduğunu yazıb.
Xatırladaq ki, İran 2022-ci ilin iyulunda Floderusun adını çəkmədən bir İsveç vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlamışdı.