Azərbaycan Futbol Federasiyaları Assosiasiyası vəkil Aslan İsmayılovu məhkəməyə verib.
Busaat.az xəbər verir ki, bu barədə tanınmış vəkil öz feysbuk hesabında məlumat paylaşıb.
“AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məni məhkəməyə verib. Elxan Məmmədov 27 sentyabr 2021-ci il tarixdə “AFFA-da yeyintilər var” deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm.
Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa, Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı.
Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa, nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum təcili “Paşa Bank”a müraciət edib borclu olduğu fəhlə haqqının köçürülməsini xahiş etdi. Bu günə qədər gözə görünməyən Elxan Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı”.
Qeyd edək ki, ilk məhkəmə iclası 11 oktyabr saat 14.30-da Səbail Rayon Məhkəməsində keçiriləcək.