Agentliyə ən çox bu şikayətlərlə bağlı müraciət olunub

image-agentlikbackend

2023-cü ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 125 768 zəng daxil olub.

Agentlikdən Busaat.az-a verilən məlumata görə, Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 26 833, əlillik məsələləri ilə bağlı xəttinə 7888, göndərişlərin verilməsi ilə bağlı xəttinə 8547, koronavirusla bağlı xəttinə 1531, operator ilə əlaqə xəttinə isə 80 969 zəng daxil olub.

Bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:

– Müayinə və müalicə ilə bağlı – 52 790 müraciət

– Dərman və tibbi sərflə bağlı – 9142 müraciət

– Tibbi sənədlərlə (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.) bağlı – 6188 müraciət

– Təcili tibbi yardım xidmətinin təmin edilməsi ilə bağlı – 3061 müraciət

– Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı – 1631 müraciət

Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 2269 zəng daxil olub.

Yanvar-iyun ayları ərzində ümumilikdə daxil olan zənglərin 94.81%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.40% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydalarında müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb.

Onu da qeyd edək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki