Amalın anası Prezidentə müraciət etdi – VİDEO

image-2026-07-31-15-57-49qiqj03n0tlkiyyaeh5a5_filebackend
image-uzb_ads_desk

Ötən il “Arzum 999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın iştirakı ilə baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Amal Məlikovu itirən Meri Veynq Azərbaycan Respublikasının Prezidentinə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya və Leyla Əliyevaya müraciət ünvanlayıb.

Busaat.az “Bakupost”-a istinadən xəbər verir ki, ana videomüraciətində qəzanı törədən şəxsin hüquq-mühafizə orqanlarından gizləndiyini və ölkəni tərk etdiyini bildirib. Onun sözlərinə görə, təqsirli şəxs əvvəlcə həbs edilsə də, sonradan apellyasiya mərhələsində ev dustaqlığına buraxılıb.

Meri Veynq bildirib ki, səhhətindəki problemlər səbəbindən məhkəmə proseslərində iştirak edə bilməsə də, övladının ölümündə günahkar olan şəxsin layiqli cəzasını alması üçün Prezidentdən məsələnin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

İyulun 22-də isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki