Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI: Milyonluq dövriyyə, sıfır mənfəət

image-anaradnanbackend

Son günlər yayılan məlumatlar göstərir ki, ölkənin ən iri supermarket şəbəkələrindən ibarət olan bir struktur ciddi yoxlamaların hədəfinə çevrilib.

Busaat.az Sfera.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti artıq iki gündür “Grandmart” MMC-də yoxlamalara başlayıb və ilkin araşdırmalar zamanı böyük məbləğdə vergidən yayınma faktlarının aşkar olunduğu bildirilir. Eyni zamanda şirkətin təchizatçılara on milyonlarla manat borcunun olduğu iddia edilir.

Bu faktlar ayrı-ayrı mağazaların deyil, mərkəzləşdirilmiş bir maliyyə və idarəetmə sisteminin araşdırıldığını göstərir.

Struktur və pay bölgüsü: məsuliyyət kimdədir?

Araşdırmaya görə, “Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Megastore” və “Pribaltika məhsulları” şəbəkələri “ABDA Retail İnvestment Holding LTD” və “Pro-Mart” MMC-yə bağlıdır. Holdinqin 50 faizi Adnan Əhmədzadəyə, 50 faizi isə Anar Əlizadəyə məxsusdur. “ABDA Retail İnvestment Holding LTD” isə “Grandmart” MMC tərəfindən idarə olunur.

“Grandmart” MMC-də pay bölgüsü belədir: 45 faiz Adnan Əhmədzadə, 45 faiz Anar Əlizadə, 10 faiz Cəlal Babakişiyev. Bu rəqəmlər göstərir ki, faktiki olaraq bütün şəbəkənin əsas qərarverici fiqurları məhz Anar Əlizadə və Adnan Əhmədzadədir. Strateji qərarlar, maliyyə siyasəti, vergi planlaması və idxal mexanizmləri bu iki şəxsin nəzarətində olan strukturlar çərçivəsində formalaşır.

141 milyon manat dövriyyə və cəmi 27 min manat mənfəət

“Pro-Mart” MMC-nin açıq mənbələrdə təqdim edilən son maliyyə hesabatına görə, şirkət bir il ərzində 141 milyon manatdan artıq satış dövriyyəsi göstərib. Lakin xalis mənfəət cəmi 27 min manat qeyd olunub.

Bu, iqtisadi baxımdan izaha ehtiyacı olan rəqəmdir. Onlarla filial, 10 mindən çox əməkdaş, iri idxal və logistika xərcləri olan bir şəbəkə yüz milyonlarla manatlıq dövriyyə fonunda faktiki olaraq sıfıra yaxın mənfəət göstərir. Bu, ya idarəetmədə ciddi səmərəsizlik deməkdir, ya da mənfəətin müxtəlif xərclər altında “əridilməsi” sxeminin tətbiqi ehtimalını gündəmə gətirir.

Vergi yoxlamalarının məhz bu fonda başlaması təsadüfi görünmür.

Vergidən yayınma və gömrük xətti

Yoxlamalar nəticəsində böyük miqdarda vergidən yayınma faktları üzə çıxıb. Əgər bu təsdiqlənərsə, söhbət təkcə inzibati pozuntudan deyil, sistemli maliyyə modelindən gedəcək.

Qeyd edək ki, Anar Əlizadənin adı əvvəlki illərdə gömrük və idxal əməliyyatları ilə bağlı iddialarda da hallanıb. Yerli mediada malların aşağı gömrük dəyəri ilə rəsmiləşdirilməsi, real qiymətlərin gizlədilməsi və qeyri-şəffaf ticarət sxemləri barədə materiallar dərc olunub. Bu iddialarla bağlı rəsmi məhkəmə hökmü açıqlanmasa da, geniş idxal portfeli olan supermarket şəbəkələri üçün gömrük mexanizmi əsas gəlir xəttidir. Burada hər hansı manipulyasiya dövlət büdcəsinə birbaşa zərər deməkdir.

Adnan Əhmədzadənin də bu strukturda 50 faizlik holdinq payına və “Grandmart” MMC-də 45 faizlik paya sahib olması onu eyni dərəcədə məsul tərəfə çevirir. Bu miqyasda fəaliyyət göstərən sistemdə maliyyə qərarlarının bir nəfərin xəbəri olmadan verilməsi real görünmür.

İşçi böhranı və ödənilməyən borclar

“Grandmart” MMC-nin 10 mindən çox əməkdaşı olduğu bildirilir. Son aylarda əməkhaqlarının gecikdirilməsi ilə bağlı şikayətlər artıb. Eyni zamanda, təchizatçılara on milyonlarla manat borcun ödənilmədiyi iddia olunur.

Bu isə ciddi likvidlik problemi deməkdir. 141 milyon manatlıq dövriyyəsi olan şirkət əməkhaqqı və təchizatçı ödənişlərini gecikdirirsə, ya vəsaitlərin dövriyyəsi şəffaf deyil, ya da pullar başqa istiqamətlərə yönləndirilir. Hər iki halda məsuliyyət yenə əsas səhmdarların üzərinə düşür.

Antiinhisar araşdırması və sanitariya pozuntuları

Məlumatlara görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində pozuntularla bağlı araşdırma aparıb və “Pro-Mart” MMC barəsində inzibati icraat açılıb.

Bundan əlavə, “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi zamanı mağazalarda sanitariya qaydalarının pozulduğu rəsmi açıqlamalarda bildirilmişdi. Bu isə artıq maliyyə yox, ictimai təhlükəsizlik məsələsidir.

Sual açıqdır

Bu gün ortada bir neçə paralel fakt var:

Yüz milyonluq dövriyyə və simvolik mənfəət.

Vergi yoxlamaları və vergidən yayınma iddiaları.

Gömrük xətti üzrə səslənən ittihamlar.

On milyonlarla manatlıq təchizatçı borcu.

Əməkhaqqı problemləri.

Sanitariya və istehlakçı hüquqları ilə bağlı pozuntular.

Bu faktlar ayrı-ayrılıqda təsadüf sayıla bilər. Amma hamısı eyni strukturun içində baş verirsə, artıq söhbət sistemdən gedir.

Anar Əlizadə və Adnan Əhmədzadə bu sistemin əsas benefisiarları və qərarverici şəxsləridir. İctimaiyyət qarşısında əsas sual budur: 141 milyon manatlıq dövriyyə haraya gedir və niyə bu qədər böyük şəbəkə kağız üzərində demək olar ki, qazanc gətirmir?

Vergi yoxlamalarının yekun nəticəsi bu sualların hüquqi cavabını verəcək. Amma artıq iqtisadi və məntiqi suallar cəmiyyət qarşısında açıq şəkildə dayanır.

Camal Cavanşir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki