
Paşinyan Bakının əsas şərtini yerinə yetirir – Sülh sazişi imzalanacaq?

Ermənistanda yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması Azərbaycanla sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir. Xüsusilə sənədin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması perspektivlərini yenidən gündəmə gətirib.
Bəs bu dəyişiklik iki ölkə arasında uzunmüddətli sülhün əldə olunmasına zəmin yaradacaqmı? Ermənistan daxilindəki revanşist qüvvələr prosesə mane ola bilərmi?
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin dərc olunduğunu açıqlayıb. Layihə vətəndaşların sənədlə tanış olması və təkliflərini təqdim etməsi məqsədilə yaradılmış xüsusi internet saytında yerləşdirilib. Diqqətçəkən əsas məqam isə yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır.
Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ermənistanın bu istiqamətdə addım atması İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas gözləntilərindən biri olub.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti dövrünün ən mühüm siyasi qərarlarından birini verib:
“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistanın Konstitusiyasında dəyişiklik ediləcəyini gözləyirdi. Görünür, həmin gün artıq yetişib. Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyəti dövründə bəlkə də ən uğurlu addımını atıb. Çünki Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması idi. Yeni layihədə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması bu baxımdan olduqca müsbət hadisədir”.
Siyasi şərhçi hesab edir ki, Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması Ermənistanda referendumun keçirilməsi istiqamətində mühüm addım sayıla bilər.
“Paşinyanın referendumla bağlı açıqlamaları da diqqət çəkir. Onun referendumdan sonra istefa verməsi ilə bağlı səsləndirdiyi fikirlərin nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq indiki mərhələdə proseslərin müsbət istiqamətdə inkişaf etdiyini söyləmək mümkündür. Böyük ehtimalla, Ermənistan hakimiyyəti artıq konstitusiya referendumuna getmək barədə siyasi qərarını verib. Əgər referendum keçirilərsə və Azərbaycan tərəfinin narahatlığına səbəb olan müddəalar rəsmi şəkildə aradan qaldırılarsa, bu, sülh sazişinin imzalanması üçün mühüm maneələrdən birinin aradan qalxması demək olacaq”.
Cavanşir Abbaslı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanda revanşist qüvvələrin fəaliyyəti və daxili siyasi qarşıdurmalar sülh prosesinə müəyyən risklər yarada bilər.
“Unutmaq olmaz ki, Ermənistanda revanşist qüvvələr hələ də fəallıqlarını qoruyub saxlayırlar. Onlar Paşinyan hakimiyyətinə qarşı yaranan istənilən fürsətdən istifadə etməyə çalışırlar. Buna görə də Ermənistan baş nazirinin qarşıdakı dövrdə ciddi siyasi çətinliklərlə üzləşməsi mümkündür. Lakin hesab edirəm ki, Konstitusiya dəyişikliklərinə qarşı çıxan qüvvələrin əvvəlki siyasi təsir imkanları artıq xeyli zəifləyib. Müxalif düşərgənin bir sıra nümayəndələri ilə bağlı cinayət işlərinin olması da siyasi vəziyyətə təsir göstərir. Zaman keçdikcə həmin qüvvələr mövcud reallıqlarla barışmaq məcburiyyətində qalacaqlar”.
Ekspertin fikrincə, Ermənistanın yeni Konstitusiya layihəsini təqdim etməsi müsbət siyasi siqnal olsa da, bunu sülh sazişinin mütləq imzalanacağına təminat kimi qiymətləndirmək düzgün deyil.
“Proseslər mərhələli şəkildə irəliləyir və müəyyən nəticələr əldə olunur. Ancaq indidən sülh sazişinin mütləq imzalanacağını qətiyyətlə söyləmək çətindir. Bunun üçün Ermənistanın konstitusiya dəyişikliklərini hüquqi baxımdan rəsmiləşdirməsi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycan tərəfi də bundan sonra yekun sülh sazişinin imzalanması məsələsinə daha real yanaşa bilər. Hesab edirəm ki, bir qədər səbirli olmaq və proseslərin hansı istiqamətdə inkişaf edəcəyini izləmək lazımdır. Əsas məsələ sülhün yalnız bəyanatlarda deyil, hüquqi və siyasi müstəvidə də təmin olunmasıdır”.
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşması üçün həlledici mərhələ sülh sazişinin rəsmi şəkildə imzalanması və onun müddəalarının praktikada həyata keçirilməsi olacaq.
Beləliklə, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Bakı ilə İrəvan arasında sülh danışıqlarına əlavə təkan verə bilər. Bununla belə, layihənin ictimai müzakirəyə təqdim olunması hələ konstitusiya dəyişikliyinin qüvvəyə minməsi demək deyil. Yekun nəticə referendumun keçirilməsindən, dəyişikliklərin qəbulundan və tərəflər arasında siyasi razılaşmaların həyata keçirilməsindən asılı olacaq.
Şəhla Sabirli
























