Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

image-14-2backend

Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır.

Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı 27,3 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövründən 13,3% çoxdur.

Yanvar-iyul aylarında Azərbaycandan qaz ixracı 12,9 milyard kubmetr (artım 24%) təşkil edib. Hesabat dövründə Türkiyəyə 4,8 milyard kubmetr, Avropaya – 6,5 milyard kubmetr, Gürcüstana – 1,6 milyard kubmetr qaz tədarük olunub.

İyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimində çıxış edən Avropa Komissiyasının Prezidenti bildirib ki, “bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik”.

Cənub Qaz Dəhlizi ilə bağlı rəsmi açıqlamada bildirilir ki, məqsəd “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsində hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracıdır. Xatırladaq ki, Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Ötən il Azərbaycan bu kəmər vasitəsi ilə Avropaya 8.2 milyard kubmetr qaz ixrac edib. Bu il həmin rəqəmin 10 milyard kubmetri ötməsi proqnozlaşdırılır.

2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın həcmi 24 milyard kubmetr, həmçinin Avropaya – 12 milyard kubmetrdən artıq səviyyədə proqnozlaşdırılır.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.

Azərbaycanın Avropaya daha çox qaz ixrac etmək üçün hasilatı artırmaqla yanaşı, digər bir planı alternativ enerji mənbələrinin inkişafıdır. Son dövrlər Azərbaycanda alternativ enerji ilə bağlı xarici şirkətlərlə bir neçə müqavilələr imzalanıb. Prezident İlham Əliyev də öz çıxışlarında bildirib ki, alternativ enerji mənbələri hesabına əldə edilən resursların daxili tələbata yönəldilməsi hazırda daxili istehlaka gedən təbii qaz resurslarının da ixraca yönəldilməsinə imkan yaradacaq.

 

 

Əfsanə Allahverdiyeva

Nəsimi rayon sakini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90