Azərbaycanla Rusiya arasında protokol imzalandı

image-azrusbackend

Dünən Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.

Nazirlər Kabinetindən Busaat.az-a verilən məlumata görə, iclasda Komissiyanın həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Komissiyanın həmsədrləri iclasda çıxış edərək, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildiriblər.

İkitərəfli əlaqələrin pandemiya şəraitində də davamlı inkişafını təmin etmək məqsədilə əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas sahələrinin inkişafı Planının həyata keçirilməsinə yönəldilməsi xüsusi vurğulanıb.

İki ölkə arasında ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələri əhatə edən altı Yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi bildirilib.

Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı məmnunluqla qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.

Tərəflər qarşılıqlı sərmayələrin həcmindən məmnunluq ifadə edərək investisiyaların artırılması üçün geniş imkanların olduğunu bildiriblər. Uğurla həyata keçirilən müştərək investisiya layihələrinin vacibliyi qeyd edilib.

Hər iki ölkə ərazisində müvafiq yol infrastrukturunun yaxşılaşdırılması və Azərbaycan-Rusiya dövlət sərhədindəki nəzarət-buraxılış məntəqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin sinxronlaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

İclas zamanı gündəlikdəki məsələlər, həmçinin, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə, humanitar və digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi önəm verdiyini ifadə edib.

Eyni zamanda, hər iki ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə istiqamətində mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Yekun olaraq Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının nəticələrinə dair Protokol imzalanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90