“Azəriqaz” və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar

image-thumb600x0-8backend

Elektron hökumətin inkişafında dövlətin uğurları barədə rəsmi məlumatlara baxmayaraq, bugünədək dövlət strukturlarının (konkret olaraq “Azəriqaz” Məhdud Məsuliyyətli Cəmiyyət  və Ədliyyə Nazirliyi) fəaliyyət göstərməsi üçün oraya kağız sənədlər gəlməlidir, onlar olmadan bürokratik maşın işləmir.

Bu, “Azəriqaz”dan Turana daxil olan məktubdan məlum olur. Vətəndaş Orxan Əliyevin müraciətilə bağlı Turan-ın sorğusuna cavab olaraq qurumdan bildiriblər ki, Sumqayıt Qaz İstismar Sahəsi Orxan Əliyevin şikayətilə tanış olub. İdarədə vətəndaşın 3500 manat borcu barədə məlumatı bazadan silməyə hazırdırlar, lakin bundan ötrü vətəndaş həmin borcun qanunsuz olması barədə Sumqayıt məhkəməsinin qərarını təqdim etməlidir. Məhkəmədən idarəyə belə qərar daxil olmayıb.

Vətəndaş  Əliyev  Orxan Rafiq oğlunun müraciəti  26.07.2022-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinə daxil olub və araşdırılıb. Araşdırılma zamanı  məlum olub ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(085)-319/2019 saylı qətnaməsinin icrası ilə bağlı icra vərəqi “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinə  daxil olmayıb. Qeyd olunan icra sənədi “Azəriqaz” İstehsalat Birliyinə daxil olduqdan sonra icra hərəkətləri həyata keçiriləcək.​

Turan Sumqayıtdakı “Zəngəzur” kafesinin icarəçisi Orxan Əliyevdən redaksiyaya gələn məktub barədə bildirib. O, yerli “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 3500 manat cərimələnməsinin qanunsuz olması ilə bağlı Sumqayıtda iki məhkəmədə qərar çıxarılmasına nail olub. Məhkəmələrin qərarlarına baxmayaraq, onun borcu silinmir ki, bu da biznesinə problemlər yaradır.

“Azəriqaz”ın baş ofisində bizə məsləhət gördülər ki, vətəndaşa bildirək ki, özü məhkəmə qərarını bu MMC-nin hüquq şöbəsinə aparsın. Əks halda borc ləğv edilməyəcək. Ən maraqlısı odur ki, “Azəriqaz” tərəfindən icra olunmayan 2(085)-319/2019 saylı son məhkəmə qərarının tarixi 2019-cu ildir…

Orxan Əliyev məhkəmə qərarı ilə bağlı kağız sənədi Ədliyyə Nazirliyinin strukturundan “Azəriqaz”ın Bakıdakı mərkəzi ofisinə şəxsən apara bilərdi, lakin iş adamı hesab edir ki, XXI əsrdə məhkəmə texniki imkanlara malikdir və vətəndaşları poçtalyon funksiyasını yerinə yetirməyə məcbur etmədən sənədləri icra yerinə göndərməyə borcludur.

Lakin göründüyü kimi, Ədliyyə Nazirliyi və “Azəriqaz” arasında sənədlərin rəqəmsal formada mübadiləsi üçün müasir elektron sistem yoxdur. İdarələr arasında İosif Stalinin dövründən qalan poçtalyonlar fəaliyyət göstərir.

2010-cu ildə Azərbaycan Prezidenti ölkədə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” adı altında beynəlxalq təcrübə əsaslanan elektron hökumətin (Elektron Azərbaycan) formalaşdırılması haqqında sərəncam imzalayıb.

Sonra prezidentin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı və digər normativ hüquqi aktlar olub. Sumqayıtlı sahibkarın obyektində 3-cü ildir ki, silinməyən cərimənin tarixçəsi prezident fərmanlarının icrasının effektivliyini göstərir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90