Baş prokuror Kamran Əliyev Şabran Rayon Prokurorluğunun inzibati binasında Şabran, Siyəzən, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Bu barədə Busaat.az-a Baş Prokurorluqdan məlumat verilib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 23 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.