“Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı ölkəni bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.
Busaat.az xəbər verir ki, bu fikir Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barədə bəyanatında yer alıb.
Ermənistanın bu addımları və Qərb dövlətlərindən aldığı yardımlar nəyə hesablanıb?
Azad İsazadə: Yaxın 5-10 il ərzində hansısa formada təxribatlarla qarşılaşa bilərik
Mövzu ilə Busaat.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bildirib ki, sərhəd boyunca istər qaçaqmalçılıqla bağlı, istər hansısa siyasi və ya hərbi problemlərlə bağlı belə təxribatlar periodik baş verəcək.
Axrıncı təxribatda Ermənistanın təzə silahlardan istifadə etdiyinə inanmadığını deyən ekspert, onun haranın istehsalı olduğunu istintaqın müəyyən ediləcəyini qeyd edib.
A.İsazədə Ermənistanın əsasən hava hücumundan müdafiə qurğuları aldığını, İrandan cürbəcür modifikasiyalar göndərildiyini, Fransanın “Caesar” özüyeriyən artilleriya sistemi göndərdiyini nəzərə çatdırıb və bunların hamsının daha çox strateji xarakter daşıyan silahlar olduğunu, ermənilərin hansısa təxribat üçün onlardan istifadə edəcəyinə inanmadığını deyib:
“Çünki biz bunu sübut etsək, həmin ölkələrin qabağında ciddi şərtlər qoyacağıq ki, Ermənistan sizin verdiyiniz silahlardan bizə qarşı istifadə etməyə başlayıb. Ermənistanın təzə silahlardan sərhədboyu təxribat üçün istifadə etməkləri özlərinə ziyan olar”.
Onun sözlərinə görə, belə təxribatlar sülh müqaviləsi bağlanandan sonra da uzun müddət olacaq.
Belə təxribatların periodik olaraq İran sərhədində müşahidə edildiyini söyləyən müsahibimiz həmin təxribatların əsasən narkotiklə bağlı olduğunu diqqətə çatdırıb.
Həmçinin Rusiya və Gürcüstan sərhədində də nələrinsə baş verdiyini, lakin yerində həll olunduğuna görə adətən KİV-lərə düşmədiyini bildirib və deyib ki, iki dövlətin arasında razılaşma və problemi həll etməyə istək varsa, bu problemlər yerində həll olunacaq.
“Biz başa düşməliyik ki, yaxın 5-10 il ərzində hansısa formada təxribatlarla qarşılaşa bilərik. Sadəcə ayıq olmalı və buna hazır olmalıyıq”.