Bizim yaşıl dünyamız-GÜLƏR MÜBARİZ yazır

image-media-guler-mubariz-yasil-dunya-29qvwk3bz1s7pxoh60i4backend

Yaşadığımız insan cəmiyyəti formalaşandan bu yana sağlamlığın və təbiətin qorunması məsələləri cəmiyyətin prioritetləri sırasındadır.
Təbiətə, digər canlılara və bizdən sonra gələcək nəsillərə qarşı əsas məsuliyyətimiz onlara təmiz və yaşana bilən bir dünya ərmağan etməkdir. Buna necə nail olmaq olar? Hər kəsin asanlıqla əldə edə biləcəyi bəzi vərdişlərlə dünyanı daha təmiz planetə çevirmək qeyri-mümkün deyil. Amma bu da müəyyən səy, diqqət və məsuliyyət tələb edir. Məsələn, ilk öncə suyun olmadığı yerdə həyatın da olmayacağını dərk etməliyik və su bəlkə də qorunma-istifadə balansında balanslaşdırılmalı olan və bu balansın daim qorunmalı olduğu ən önəmli həyati maddədir. Nəzərə almalıyıq ki, indi qənaət etdiyimiz suyun hər damlasına belə gələcəkdə ehtiyacımız olacaq!
Yaşadığımız təbiəti qorumaq və dolayı yolla çirkləndirdiyimiz ətraf mühitə mümkün qədər yaxşılaşdırmaq, qayğı göstərmək hamının borcudur. Bu amalla kiçikdən böyüyə hər birimiz bir yumruq kimi birləşib vahid məqsəd uğrunda çalışmalıyıq. Təbiəti qorumağa sərf etdiyimiz vaxt bizi təbiətə daha da yaxınlaşdıracaq.
Ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin təsirləri aydınlaşdıqca insanlar yaşadıqları yerləri dəyişdirmək ehtiyacı hiss etməyə başladılar. Tamamilə bu məqsədlə inşa edilən dünyanın ilk özünü təmin edən, sıfır karbon, sıfır tullantı şəhəri olması planlaşdırılan Abu Dabidəki Masdar City 2006-cı ildən bu yana hədəfinə doğru sürətlə irəliləyir. Və hal-hazırda bu istiqamətdə yol alan bir çox şəhərlərimiz var. Çünki zaman keçdikcə ətraf mühitin sağlamlığının, təbiətin varlığının əhəmiyyətini və bunun birbaşa insan orqanizminə güclü təsirinin olduğunu hər kəs daha aydın şəkildə dərk etməyə başladı.

Təbiətin bərpası, yaşıl dünyanın inkişafı yolunda atılacaq ilk addımlardan biri də Qarabağdan, Şərqi Zəngəzurdan başlayır.

Çünki ərazi olaraq minalanmış sahələrin və hərbi sənayenin bir yerdə olduğu, hərbin davam etdiyi və ya yeni bitdiyi ölkələrdəki vəziyyət iqlim dəyişikliyinə təsir göstərən önəmli amillərdən biridir. Meşələrin kütləvi olaraq qırılması torpaq, bitki örtüyünün məhvinə gətirib çıxaran amillərdəndir. Dolayısı ilə faunanın məhvi deməkdir. Düzdür, torpaq tükənən ehtiyat olsa da, bərpa olunan sayılır. Amma bu təbii ehyiyatın bərpası üçün yüz illər lazım olur. Eləcə də qırılan meşə massivinin bərpası üçün bu sözləri demək olar. Bu kimi amillər də iqlim dəyişikliyinə- karbondioksidin artmasına gətirib çıxarır. Sözügedən proseslər də yaşıl dünyanı əngəlləyən proseslər sayılır.
Azərbaycanda yaşıl dünyanı təmin etmək Qarabağdan başlayır; meşə örtüyünün bərpası, minalanmış ərazilərin təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşıl sanitar qovşaqlarının salınması və s. Eyni zamanda günümüzdə çox istifadə etdiyimiz klassik enerji mənbələrindən yox, günəş panellərindən, enerjisindən istifadə etmək daha məqsədəuyğun hesab olunur.

Azərbaycan günəşli bir ölkə

Azərbaycan günəşli ölkə hesab olunur. Bunun üçün də günəş enerjisi kimi alternativ mənbələrdən istifadə etmək, həmçinin Xəzər dənizindən su enerjisi, külək dəyirmanlarından külək enerjisini elektrik enerjisinə çevirmək yaşıl dünyaya doğru atılan önəmli addımlardandır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcək olması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizdə qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə göstərilən etimadına yönəlmiş möhtəşəm bir addımdır.

Xalqımız üçün olduqca əhəmiyyətli və qürurverici

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzaladığı sərəncam da əslində bir çağırışdır. Növbəti ilimizin ekoloji baxımdan çox zəngin il olacağı, həm COP29 çərçivəsində ekologiya ilə bağlı, həm də ətraf mühitlə bağlı müzakirə olunan məsələlərin mərkəzi olacağı xalqımız üçün olduqca əhəmiyyətli və qürurvericidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90