Braziliyada iki mühərrikli təyyarənin havaya qalxarkən anqara çırpılması nəticəsində iki nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu gün Braziliyanın Lukas-do-Rio Verde şəhərində iki mühərrikli Beechcraft C90GTi King Air təyyarəsi qəzaya uğrayıb. Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı uçuş zolağına çırpılıb. Təyyarə uçuş-enmə zolağında sürüklənərək anqara çırpılıb, daha sonra partlayıb və alovlanıb. Qəzada təyyarənin pilotu və uçuş-enmə zolağının xidmətçisi həyatını itirib. Yaralanan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada partlayışdan sonra başlayan yanğının nəzarətə alındığı və qəza ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.