“Bundan artığına nail ola bilərdik”.
Busaat.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis “Dalğa Arena”da baş tutan qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Yenə də çox şeyi inkişaf etdirməliyik. Topu irəli vurmamalı, yerlə oynamalıyıq. İmkan olduqca da qol vurmalıyıq. Düşünürəm ki, yaxşı oyun göstərdik. AFFA prezidenti matçdan sonra uşaqlarla görüşdü, hamıya təşəkkürünü bildirdi. Komandadan razı qaldığını dedi. Bu sevindirici haldır”.
67 yaşlı çalışdırıcı meydana ehtiyatdan daxil olanlardan da razılıq bildirib: “Əvəzlənənlər artıq yorulmuşdular. Ümumilikdə bütün komanda xoşuma gəldi. Belə oyunda əvəzetmədən meydana girdikdən sonra oyuna qoşulmaq çətin məsələdir. Əsas odur ki, belə vəziyyətdə oyun səviyyəsi aşağı düşməsin”.