Deputat olmaq istəyən işsizlər, pensiyaçılar…

image-11backend
image-ad_qayo_720x110px

Sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Həmin gün Azərbaycan cəmiyyətinin diqqəti seçki məntəqələrinə yönələcək.

Parlamentə seçilmək üçün namizədliyini irəli sürən şəxslər müxtəlif peşələrin və həyat təcrübələrinin sahibləridir.

Namizədlər arasında illərlə deputat kreslosunda oturanlar, müəllimlər, işsizlər, mühafizəçilər, pensiyaçılar və digər peşə sahibləri yer alır. Bu, Azərbaycan cəmiyyətinin müxtəlifliyini və xalqın müxtəlif təbəqələrinin parlamentdə təmsil olunmaq istəyini göstərir.

Busaat.az bu prosesi araşdıraraq, namizədlərin sosial-iqtisadi vəziyyəti, onların peşələri və cəmiyyətə təsiri haqqında geniş məlumat verib.

Araşdırma zamanı namizədlərin peşəkar təcrübələri, onların parlamentdəki potensial rolları və seçicilərə təqdim etdikləri vədlər nəzərdən keçirilib. Xüsusilə də pensiyaçı namizədlərin fəallığı diqqəti çəkir.

112 saylı Zaqatala seçki dairəsində maraqlı hal müşahidə edilir. Belə ki, bu dairədən mandat iddiası olan 7 namizəddən 6-nın hazırda əmək fəaliyyəti yoxdur. Onlardan 5-i işsiz, 1-i pensiyaçıdır. Namizədlərdən iş sahibi olan yeəanə şəxs hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Arif Əsgərovdur. O, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır.

124 saylı Şuşa-Ağdam seçki dairəsindən namizədliyini irəli sürən 8 şəxs arasında 3 pedaqoq var. Bu şəxslər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Aygün Əzimova, Azərbaycan Texniki Universitetinin müəllimi Akif Nağı və Azərbaycan Tibb Universitetinin professoru Mübariz Əliyevdir. Akif Nağıdan başqa digər iki namizəd parlamentdə bitərəf olaraq təmsil olunmağa iddialıdır.

14 saylı Xəzər-Pirallahı seçki dairəsində də bu tipli hal müşahidə edilir. MSK-nın siyahısına görə, seçki yarışında mübarizə aparan 7 nəfərdən dördü orta təhsil müəssisələrində müəllim olaraq fəaliyyət göstərir. Qeyd edək ki, bu dairədən namizəd olan digər şəxslərin üçü isə işsiz kateqoriyasına daxildir.

15 saylı Yasamal birinci seçki dairəsində parlamentdə təmsil olunmaq niyyəti olanlardan ikisi həkimdir. Bu dairədən deputat mandatı üzrə mübarizə aparanlar arasında Vətəndaş Həmrəyliyi Partiyası Mətbuat xidmətinin rəhbərinin oğlu Ərturqut Şərəfxanlı da var. O, dairə üzrə ən gənc namizəddir – hazırda onun 20 yaşı var.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində isə aktiv sosial qrup pensiyaçılardır. AĞ Partiyanın sədri Tural Abbaslının rəqibi olan 6 namizədin 3-ü pensiyaçıdır.

84 yaşlı, 4 çağırışdır Milli Məclisdə deputat olan Ziyad Səmədzadənin 23 saylı Nəsimi-Səbail seçki dairəsində 4 işsiz rəqibi var. Bakıda ən çox bu statuslu namizədin olduğu dairədə ümumilikdə 10 nəfər mübarizə aparır.

Ümumilikdə statistikaya nəzər yetirsək, Bakı şəhəri üzrə 48 işsiz, 20 pensiyaçı namizəd var. Sumqayıtda isə bu rəqəm ümumilikdə 8 nəfər təşkil edir.

Nəticədə onu demək olar ki, parlament seçkilərində müxtəlif sosial qruplardan olan namizədlər aktiv şəkildə iştirak edir. Xüsusilə işsiz və pensiyaçı namizədlərin sayının yüksək olması diqqəti cəlb edir. Bu hal cəmiyyətin müxtəlif təbəqələrinin parlamentdə təmsil olunmaq istəyini və sosial statuslarının seçkilərdəki təsirini vurğulayır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki