Deputatlar öləndən sonra da pensiyalarını saxlamaq istəyirlər? – Hüquqşünasın iddiasına millət vəkillərindən CAVAB

image-1660212811_1backend

Ötən gün tanınmış hüquqşünas Əkrəm Həsənov bir xəbər paylaşmışdı ki, “bəzi deputatlar pensiyanı uzun müddət almaq üçün övladlığa uşaq götürürlər”.

Məsələni ətraflı öyrənmək üçün Əkrəm Həsənovla əlaqə saxladıq. O, Bizim.Media-ya bildirdi ki, mərhum deputatın sözügedən pensiyasını ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri alır:

“Yəqin, düşünürsüz ki, bu pensiyanı uzaqbaşı onların həyat yoldaşı alır, elə? Axı deputatların, bir qayda olaraq, yetkinlik yaşına çatmayan övladları olmur! Səhv edirsiniz! Bəzi deputatlar (o cümlədən sabiqlər) övladlığa uşaq götürür ki, pensiyasını vəfatından sonra o ala bilsin. Bir qayda olaraq, qohum olan uşaqları, yəni nəvələrini varisləri edirlər ki, dövlətdən bu pulları öləndən sonra da çəkə bilsinlər”.

Hüquqşünas onu da əlavə etdi ki, sadə vətəndaşlar pensiyaya çıxanda onlara müəyyən edilən pensiya  yığılan kapitala görə görə müəyyən edilir. Lakin nə zamansa millət vəkili olmuş şəxsdə məsələ bu cür deyil:

“Məsələn, kimsə nə zamansa bir çağırış deputat olub. Və 20 ildən sonra pensiya çıxır. Bu zaman həmin adama pensiya yığılan kapitala görə deyil, deputat maaşına görə müəyyən edilir. Belə bir hal dünyanın heç yerində yoxdur. Bu da onu göstərir ki, deputatlarımız qanunları özlərinə görə yazırlar və öləndən sonra da dövləti soymaqdan əl çəkmirlər”.

Məsələylə bağlı bir neçə deputatımızın da münasibətini öyrəndik. Millət vəkili Vahid Əhmədov Bizim.Media-ya açıqlamasında bidirdi ki, qanunvericiliyə uyğun olaraq mərhum deputatın pensiyasını onun həyat yoldaşı ala bilər:

“Bu bütün vətəndaşlara şamil olan qaydadır. İstənilən pensiyaçı vəfat edərkən həyat yoldaşı pensiyaya çıxarkən onun pensiyasını seçə bilər. O ki, qaldı deputatların qəyyumluğa uşaq götürməsinə, düzü bu haqda nə eşitmişəm, nə də görmüşəm”.

Millət vəkili Aqil Abbasın məsələyə münasibəti isə həmişəki kimi orjinal oldu:

“Şükür Allaha sapasağlamam, tezliklə ölmək də fikrim yoxdur. Ona görə də pensiyamı heç kimə vermək fikrim yoxdur. Amma qanuna görə pensiyanı mərhumun xanımı ala bilər. Başqa bir şey yoxdur”.

Tanınmış hüquqşünas Əsabəli Mustafayev isə deyir ki, əvvəllər qəyyumluq məsələsində qaydalar çox yumşaq idi və vətəndaşlar da bundan sui-istifadə edirdi:

“Amma son illər bu məsələ xeyli ciddiləşib. Məlum olduğu kimi qəyyumluğu məhkəmə müəyyən edir. Məhkəmə isə bu qərarı yerli icra hakimiyyəti orqanlarının verdiyi sənədlərə əsasən verir. Bundan əlavə məhkəmələr qəyyumluğa götürülən uşağı geniş şəkildə öyrənir. Əgər qəyyumluğa götürülən uşağın valideynləri sağdırlarsa, heç bir ciddi xəstəlikləri yoxdursa, onda məhkəmə bu işə baxmaqdan imtina edir. Bundan əlavə uşağı qəyyumluğa götürənin də sağlamlığı, maddi vəziyyəti və sair ciddi şəkildə araşdırılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90