Dəyişən dünya və Astana görüşü – TƏHLİL (İkinci yazı)

image-adsiz-tasarim-1-1backend

Azərbaycan və Türkiyənin Mərkəzi Asiyanın siyasi həyatında aktiv siyasi aktorlara çevrilməsi tək bölgədə deyil, dünyada yaşanan geosiyasi dəyişikliklərin nəticəsidir. Bu elə bir nəticədir ki, gələcəkdə yeniliklərə səbəb olacaq: Mərkəzi Asiyanın ənənəvi siyasəti dəyişəcək və Çinlə Rusiyanın dominantlığı fonunda “ikinci plan”da qalan region dövlətləri ən azından Mərkəzi Asiya siyasətində ön plana çıxacaqlar.

Hazırki vəziyyətdə Mərkəzi Asiyada dominant olan Çin və Rusiyanın xarici siyasətində öz həllini gözləyən bir çox problemlər var. Hətta bu problemlər o qədər ciddidir ki, Çin və Rusiya Mərkəzi Asiyadan özlərinə qarşı təhdid müşahidə etmədikcə regionun siyasi həyatında aktiv rol almağa həvəsli olmayacaqlar.

Belə məqamda Türk Dövlətləri Təşkilatının artan nüfuzu regionun gələcəyini şəkilləndirəcək yeni güc mərkəzi olaraq qarşımıza çıxır. Xatırlamaq lazımdır ki, hələ 2009-ci ildə Türk Şurası adı ilə fəaliyyətə başlayan qurum, bir müddət sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına çevrilib və nəhayət 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilib. Qurumun təşkilata çevrilməsi onun üzvlərinə imkan verir ki, tərəflər artıq bütün məsələlərdə qarşıılıqlı əməkdaşlıq edə bilsinlər.

Ancaq yaşanan geosiyasi və ümumiyyətlə dünyada gərginləşən beynəlxalq münasibətlər fonunda TDT-yə üzv Mərkəzi Asiya dövlətlərindən gözləntilər müəyyən qədər azdır. Çünki bu ölkələr Rusiya və Çin kimi hegemon güclərin arasında, Qərbdən çox uzaqda yerləşir ki, coğrafi mövqeyi əlverişsiz olan bu ölkələr öz xarici siyasətlərini təyin edərkən, mövcud təhdidləri hesablamaq məcburiyyətindədirlər. Mövcud situasiyada Azərbaycan və Türkiyə müttəfiqliyi ilə qarşılıqlı əlaqələr fonunda Mərkəzi Asiya ölkələri bütün təhlükələri netyrallaşdırmağa çalışır. Düzdür Türkiyə hazırda dünyanın əsas diplomatik mərkəzinə çevrilib. Ancaq bu heç də onun Rusiya və Çindən daha üstün olduğu anlamına gəlməməlidir. Üstəgəl Mərkəzi Asiyada istər coğrafi baxımdan, istərsə də tarixi baxımdan Türkiyə Rusiya və Çindən şanslı sayılmaz. Ancaq milli məsələlərdə Türkiyə daha şanslıdır. Ümumi yanaşdıqda açıq mübarizədə Türkliyənin Mərkəzi Asiyaya təsir imkanları Rusiya və Çindən daha azdır. Bu geriliyi isə, sadəcə diplomatik manevrlərlə aradan qaldırmaq olar.

Əslində bu gün məlum manevrlər edilib. Artıq Türkiyə Mərkəzi Asiya dövlətləri ilə istər ikili münasibətlər, istərsə də TDT kimi mötəbər bir təşkilat sayəsində birlik münasibətlərini genişləndirib. Rusiya və Çinin kollektiv Qərb və ABŞ ilə ciddi qarşıdurmalarda güc itirməsi isə, Türkiyənin diplomatik manevr imkanlarını artırıb.

Digər tərəfdən regiona uzaq qalan Türkiyənin öz sərhədlərində bir çox problemlərin davam etməsi Mərkəzi Asiyanın siyasi həyatına daha fəal müdaxilə etməsini çətinləşdirir. Belə olan halda Türk Birliyi çərçivəsində hərəkət edən Türkiyə-Azərbaycan müttəfiq münasibətləri bütün əksiklikləri tamamlayır. Türkiyənin dünyəvi proseslərlə başının qarışdığı zamanda Azərbaycan Türk Birliyinin qurulmasının əsas oyunçusuna çevrilib. Buna həm Azərbaycanın coğrafi mövqeyi, həm geosiyasi vəziyyət, həm də rəsmi Bakının siyasi bacarığı imkan verir.

Astana görüşü bir daha sübut edir ki, bu fikirlərimizdə yanılmırıq və bütün proseslər qütbləşən dünyada yeni bir qütbün – Türk qütbünün formalaşmasına doğru yön alıb.

Diqqət edək: Astana görüşü ərəfəsində Qırğızıstan və Özbəkistan arasında müqavilə imzalandı. Bu elə bir müqavilə idi ki, SSRİ dağılarkən rusların bölgəyə müdaxilə etməsinə fürsət yaradan nifaq toxumu – mübahisəli ərazi məsələsini bir gündə məhv etdi. Qısacası, Rusiya bu müqavilə ilə Özbəkistan və Qırğızıstan üzərindəki ən önəmli təsir vasitəsini itirmiş oldu. Bu müqavilədən sonra Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstana səfər etdi ki, burada törəyə uyğun qarşılanma mərasimi ilə bərabər bir sıra ciddi razılıqlar əldə edildi. Müqavilədən əvvəl isə, uzun zaman idi ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər maksimum inkişaf sürətiylə davam edib, deyərdik ki, artıq müttəfiq səviyyəyə çatıb.

Bütün bunların paralelində isə, Türkiyənin Qazaxıstanla münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib və eyniylə Türkiyə-Qırğızıstan, Türkiyə-Özbəkistan münasibətləri durmadan inkişaf edir. Necə ki, Azərbaycan və Qazaxıstan münasibətləri də inkişaf etməkdədir.

Astana görüşünün bir digər önəmli tərəfi odur ki, Türk Birliyinin təkminləşməsi prosesini öz çiyinlərində daşıyan Azərbaycan tərəfi bütün dünyaya siyasi mesajlarını çatdırdı. Burada iki əsas nüansa toxunmaq kifayətdir: İlham Əliyev Ermənistanın havadarlarına bir daha ermənilərin vəhşiliklərini sərt dil ilə xatırlatdı və Zəngəzur koridoru məsələsini yenidən gündəmə gətirdi…

Bu iki məsələ çərçivəsində Azərbaycan Prezidenti dünyaya çatdırmağa çalışır ki, artıq bölgədə – istər Cənubi Qafqazda, istərsə də bütöv Türk dünyasında fərqli reallıqlar var və Azərbaycan bütün bu reallıqların tam mərkəzindədir.

Xüsusilə Azərbaycan-Ermənistan problemlərində diqtə edən tərəf Azərbaycandır. Sülh və normallaşma prsosesləri beş əsas şərt ətrafında cərəyan edir ki, bütün bu şərtlər Bakının diqtəsidir.

Zəngəzur koridoru isə, dünyəvi əhəmiyyəti olan transmilli bir layihədir. Bu layihə beynəlxalq güclərin maraqlarına uyğundur. Ancaq görürük ki, Zəngəzur koridoru məsələsində də əsas aktiv rol Azərbaycan tərəfindədir. Azərbaycan İran, Ermənistan və Fransa kimi ölkələrin narazılıqlarına baxmayaraq, bu koridorun açılmasını diqtə edir və koridor açılmayana qədər niyyətlərindən əl çəkməyəcəyini açıq-aşkar ifadə edir.

Yekun olaraq, istər Astana görüşü, istər digər görüşlər və istərsə də geosiyasi dəyişikliklər fonunda Türk dünyasının “köhnə dünya”ya nəzərən “yeni dünya”da daha aktiv rol oynayacağı bəllidir: Türk qütbü formalaşacaq və bu qütb regionun əsas söz sahibinə çevriləcək. Türk Birliyi TDT fonunda beynəlxalq gücə çevriləcək və bütöv dünya bu gücü tanıyıb hesablaşacaq.

Risklər isə, hər zaman mövcud olacaq. Məsələn, tarixin bütün mərhələlərində dünyanın ən güclüləri olan Çin və Türk dövlətləri bir-birinə düşmən olub və ikili çəkişmə hər iki tərəfin güc itirməsi və süqutuna səbəb olub. Eyni tendensiya Rusiya ilə də müşahidə edilib.

Bu risklərdən sığortalanmaq isə, çox asandır. Diplomatik manevrlərlə böyük güclərlə qarşı-qarşıya gəlməyi deyil, anlaşmağı bacarmaq lazımdır.

Birinci yazı ilə keçiddən tanış ola bilərsiniz.

 

Busaat.az

Həşim Səhrablı

 

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki