Dəyişən dünya və Astana görüşü – TƏHLİL (Birinci yazı)

image-7edbcb5f1637866b2bf60077c0b9ca99backend

Hazırki dünya siyasəti renessans və ya intibah dövrü adlandırılan orta əsrləri xatırladır. Dünya dövlətləri bir-biri ilə imperiyal maraqlar naminə üz-üzə gəlir, insanların sosial həyatlarında isə, ənənəvi yaşam tərzləri, standartları və meyarlarından fərqli yeniliklər ortaya çıxır. Covid-19 pandemiyasından sonra isə, dünyada istər sosial, istərsə də siyasi olaraq əhəmiyyətli dəyişikliklər yaşanmaqdadır.

Xüsusilə iqlim dəyişikliyinin gətirdiyi yeni problemlər, dünyada ciddi ərzaq qıtlığının yaşanması, bütün ölkələrdə davam edən infliyasiya və işsizlik, dövlətlər arasında ərazi və digər problemlərdən qaynaqlanan müharibələrin yaşanması dünyanı ciddi xaosa sürükləyib.

Ancaq bilmirik ki, dünyamız intibah dövründəki kimi bütün bu sınaqları uğurla keçə biləcəkmi? İntibah dövrünün uğurla tamamlanmasının nəticəsi idi ki, Avropada həm elmi inkişaflara qapı açıldı, həm də xalqların mədəni və soisal inkişafı təmin edildi.

Avropadakı istənilən inkişaf isə, zamanla bütün dünyaya təsir edərək insanlığın inkişafına səbəb vermişdi. Məsələn elə intibah dövrünün ardından yaşanan sənaye inqilabları insanlığın inkişafının əsas meyarlarından birinə çevrildi..

İndi isə, tamam fərqli situasiylarla qarşılaşırıq. Keçmişdə yaşanan bütün texnoloji yeniliklər insanlığın və dünyanın inkişafına səbəb verirdisə, artıq texnologiynın inkişafı əlavə problemlərə səbəb verir. Ağır silah sənayesi bunun bariz nümunəsidir. Bir raket zərbəsi kifayət edir ki, minlərlə günahsız insan qətlə yetirilsin və həmin bölgənin infrasturukturu dağılsın. Bu azmış kimi təbiətin özü də bu kimi neqativ hadisələrdən təsirlənir. Hələ nüvə istifadəsi ehtimallarını demirəm…

Texnologiyanın belə sürətli inkişafı isə, tək ağır sənayedə deyil, digər sferalarda da insanlığa zərər verməyə başlayıb. Məsələn haqsız və gərəksiz rəqabət artır, bu isə, kapital dəyərlər fonunda ciddi insani problemlərə çevrilib.

Dəyişən dünyamızı isə, tək texnologiya və sosial yaşam olaraq düşünmək doğru olmaz. Hazırda dünya siyasətində də ciddi dəyişikliklər baş verir. Məsələn adət etdiyimiz təkqütblü dünya sistemi sürətlə dağılmağa və çoxqütblü yeni dünya düzəni formalaşmağa başlayıb. Rusiya, Çin, Türkyə, Hindistan kimi böyük dövlətlər Qərb-ABŞ mərkəzli dünyadan yeni dünyaya keçid üçün ciddi geosiyasi mübarizə sərgiləyir. Yeni dünyada isə, hadisələr bu templə davam edərsə, çox qütb formalaşacaq və hər qütb regional güc mərkəzinə çevriləcək.

İndi hansı qütblər formalaşacaq, hansı millətlər öz qütbünü qura biləcək və dünyaya ağalıq üzərində qurulmuş bu savaşı qalibiyyətlə bitirəcək, onu öncədən dəqiq söyləmək mümkün deyil. Ancaq təxmin etmək də imkansız sayılmamalıdır.

Onsuz da Rusiyanın Ukraynaya hücumu, nəticədə bütün Avropa və ABŞ ilə düşmən münasibətə keçməsi, qarşılığında Çin və Türkiyə kimi regional güclərlə işbirliyinə maraqlı olması dünyanın hazırki vəziyyəti barədə az-çox fikir sahibi olmağa imkan verir. Eyni zamanda, Çində yaşanan texnoloji inkişaf və nəticədə kapital mərkəzinə çevrilməsi, Türkiyənin dünyadakı siyasi-diplomatik proseslərə yön verməyə başlaması və Rusiyanın Ukraynaya atdığı hər iki bombadan birinin özünə, birinin isə Qərbə zərər verməsi demək olar ki, qüvvələr nisbətini bərabərləşdirib. Üstəgəl, hazırda dünyanın əsas söz sahibi ölkələrindən olan Qərbi Avropa dövlətlərinin enerji təhlükəsizliyinin pisləşməsi və həmin ölkələrdə iqtisadi çətinliklərin meydana çıxması da dünyada ciddi dəyişikliklərin xəbərçisi sayıla bilər. Bütün bu hadisələr onu göstərir ki, Qərb və ABŞ artıq əvvəlki kimi tək söz sahibi deyil və istədiyi hər şeyi qəbul etdirə bilmir.

Məsələn, yüz il əvvəl Türk dünyasına “Erməni məsələsi”ni qəbul etdirən dövlətlərdən biri olan Fransa bu gün elə ən ağır zərbələri Türk dövlətlərindən alır desək yanılmarıq. Həm də “Erməni məsələsi” üzərindən… İngiltərə isə, dövlət olaraq dünyəvi məsələlərdə həlledici söz demək imkanlarını itirib. ABŞ özü də, Rusiya və Çin kimi supergüc ölkələrlə rəqabətdən yorğun düşüb və özü üçün “ikinci dərəcəli” sayılacaq digər məsələlərlə vaxt itirmək əzmində və həvəsində deyil. Məsələn, əvvəllər tez-tez şahidi olurduq ki, Afrika siyasətində böyük dövlətlər həmişə ziddiyyətlərlə üzləşir və problemlər yaşayırdı. Amma Liviya istisna ciddi geopolitik problem görə bilmirdik. Ya problemlər dinc yolla həll olunurdu, ya da ki o qədər gərəksiz hesab olunurdu ki, qarşıdurmaya çevrilmədən, həm də həll edilməmiş qalırdı. Ancaq əvəzində Qafqazdakı və Ukraynadakı problemin ciddi müharibələrə səbəb olduğunu görürük. İndi isə, Şərqdə Yaponiya və Çin sərhədlərində, Tayvan və ya Koreya sulaarında hər an qanlı müharibələrin yaşanması riski var.

Hər şey onu göstərir ki, yeni düzəndə, yəni çoxqütblü dünyada da o qədər çox güc mərkəzi görməyəcəyik. Yenə hansısa sayılı ölkələr regional güc olaraq dünya siyasətinin əsasını təşkil edəcək. Həmin ölkələri indidən də təxmin edə bilirik: ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Çin, Hindistan.

Bəli, yeni dünyada Fransa və Almaniya güclü ölkə olaraq yerlərini alacaqlar, ancaq onlar yeni yaradılacaq hər hansısa qütbün əsas ölkəsi olmayacaq. Bu ölkələr ya London ətrafında birləşəcək, ya da Paris Vaşinqtona, Berlin isə, Ankaraya üz tutacaq. Qütb mərkəzinə çevrilməsələr də, daxil olduqları qütbdə önəmli ölkələr olacaqlarını da söyləmək lazımdır. Çünki güc mərkəzlərində tək hərbi-siyasi üstünlüklər deyil, elmi-texniki və iqtisadi amillər də mühüm rol oynayır ki, həm Almaniya, həm də Fransa bu sahələrdə kifayət qədər inkişaf etmiş ölkələrdir.

Rusiya isə, hər nə qədər güc itirsə də, hazırki gücü və elmi-texniki tərəqqisi kifayət edir ki, ruslar yeni dünyada da güc mərkəzi olaraq qalsınlar. Ancaq hər halda geniş ərazilər və bitməz təbii sərvətlərin istifadəsini tək həyata keçirə bilməyəcəklər. Hətta ola bilər ki, yeni dünyaya fərqli Rusiya ilə qədəm qoyaq. Çin isə, ABŞ kimi tək başına bütün göstəriciləri ilə artıq yeni dünyanın əsas qütblərindən biri olacağını qarantiyalayıb desək yanılmarıq. Hindistan da bu qəbildən sayılmalıdır. Çünki bu ölkədə də kifayət qədər texnoloji üstünlüklər var, həmçinin özünün güclü ordusu və siyasi üstünlüyünü də qoruyur.

Türkiyə faktoru isə, son zamanlar ortaya çıxan, ancaq sürətlə dünya siyasətinə yön verən əsas amillərdəndir. Türkiyə hazırki hərbi-siyasi-diplomatik uğurları ilə dünya siyasətinin əsas güc mərkəzinə çevrilməyi qarantiyalasa da, onun bir sıra ciddi əksiklikləri də var. Hər nə qədər hərbi sənayedə uğurlar əldə edilsə də, ümumi texnologiyanın inkişafı Türkiyədə yüksək səviyyəyə çatmayıb və digər ölkələrdən fərqli olaraq Türkiyə enerji resurslarına və zəngin təbii sərvətlərə sahib deyil. Bu isə, onun iqtisadi göstəricilərinə həmişə mənfi təsir edib. Ancaq Türkiyənin regional nüfuzu və onun milli zəmini güc mərkəzi formalaşdırmaq üçün müstəsna üstünlüklərə səbəbdir. Çünki Afrikda, elə onun şimalında da Türkiyəni, türk millətini həmişə seviblər, indi də sevirlər və yeganə yad millətdir ki, onun bölgəyə müdaxiləsi xoş qarşılanır.

Eyni zamanda dünyada hamı tərəfindən tanınan 6 türk dövləti var ki, son zamanlar bu dövlətlərin birliyə can atdığını görə bilirik. Həmin dövlətlərin istər düyna siyasətindəki yeri, istər hərbi-siyasi gücü və digər göstəriciləri etibarilə ən öndə olanı Türkiyədir.

Dünyanın tam mərkəzində, geniş ərazilərə və bir çox təbii ehtiyatlara malik, strateji əhəmiyyəti olan türk xalqları bir mərkəzdə toplanmağa çalışacaq. Bu zaman isə, Ankara əsas siyasi güc olaraq bütöv türk millətini vahid mərkəzə toplayaraq yeni dünyada güc mərkəzinə çevrilmək imkanı qazanacaq. Qısası, çoxqütblü dünyada bir güc qütbü də Türk dünyası olacaq ki, bu güc mərkəzi Ankarada, ancaq 6 dövlətin birliyi olaraq önümüzə çıxacaq.

Türkiyənin son illər Türk dünyasına yönəlik qərarları da bunun əyani sübutudur.

Məsələn, Azərbaycan ilə Şuşa Bəyənnaməsini imzalayan rəsmi Ankara, bəyənnamədən əvvəl də, sonra da Azərbaycanı hər nəyin bahasına olursa olsun qoruyacağını və sona qədər dəstək verəcəyini açıq şəkildə ifadə edib. Azərbaycanın qazandığı qələbə və atdığı uğurlu siyasi addımların nəticəsi idi ki, həm Ankara, həm Bakı artıq xarici təsirlərdən qaça bilmiş və Mərkəızi Asiyadakı türk dövlətləri ilə daha sıx əlaqələr başlada bilmişdir.

Davamı ikinci yazıda….

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90