Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Qarabağ bölgəsində hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən – 1991-ci ilin sonunadək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum edilib, 1249 dəfə kütləvi artilleriya atəşinə tutulub, nəticədə 411 nəfər öldürülüb. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilib.
Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.
Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır.
Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.
2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 27 illik həsrətə son qoyuldu. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
Füzuli əməliyyatı da Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Məlum olduğu kimi, 30 ilə yaxındır düşmən tapdağı altında qalan dədə-baba yurdlarımız həm də ekoloji, milli-mədəni terrora məruz qalıb. Azərbaycanın tarixi torpaqlarında müxtəlif cinayət aktları həyata keçirilib, milli-mədəni irsimizə qarşı təcavüz törədilib. Xalq-İqtidar-Ordu birliyi nəticəsində cəmi 44 gün ərzində işğaldan azad edilən torpaqlarımız sözün bütün mənalarında cənnətə çevrilir.
Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə 2021-ci ilin oktyabr ayının 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub.
Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
Zərinə Hümbətova–Azərbaycan Dövlət Pedaqoji Universiteti