Bu günlərdə nazir Ceyhun Bayramov mediaya açıqlamasında bildirib ki, İran tərəfi dəfələrə təklif edib ki, Azərbaycanın İrandakı Səfirliyi öz fəaliyyətinə təkrar başlasın. Amma təbii ki, səfirliyimizə edilən silahlı hücumla əlaqədar olaraq Azərbaycanın tələbləri hələ də yerinə yetirilməyib. Bu mənada Azərbaycanın İrandakı Səfirliyi öz fəaliyyətini yenidən bərpa edəcəkmi?
Bu barədə politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında bildirib ki, Son iki il yarımdır ki, Azərbaycana İran tərəfdən təzyiqlər və təhdidlər artmaqdadır:
“Nəzərə almaq lazımdır ki, bu ilin yanvarın ayının 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu, nəticədə Azərbaycan səfirlik əməkdaşının şəhid edilməsi, eyni zamanda martın 28-də Bakıda – evinin qarşısında deputat Fazil Mustafaya qarşı sui-qəsdin də baş verməsi hesab edirəm ki, İranın Azərbaycana qarşı təxribatının bir hissəsini təşkil edir. Amma səbəblər təkcə bu deyil. Həm də o təxribatı törədənlər hələ ki, məsuliyyətə cəlb edilməyiblər.
İran dövləti bu məsələni gecikdirməklə əslində bir növ təxribatı da boynuna almış olur. Əgər İran Azərbaycanla münasibətlərinin normallaşmasını istəyirsə, əlbəttə ki, Azərbaycanın qəti şərtlərinə əməl etməlidir. Bu şərtlər ondan ibarətdir ki, səfirliyimizə hücumu təşkil edən və iştirakçı olanların, eyni zamanda deputatımıza qarşı silahlı hücum edənlər tapılıb cəzalandırılmalıdır. İran Azərbaycandan bu məsələdə üzr istəməlidir. Çalışmalıdır ki, diplomatik gərginliyi aradan qaldırsın. Əks halda münasibətlərin yaxın müddət ərzində normallaşması gözlənilmir. Çünki bu təxribat halları birinci də deyil, sonuncu da olmayacaq. Hesab edirəm ki, indiki məqamda bu təxribat halları getdikcə artan xətt üzrə davam edəcəkdir. İran mediasında da Azərbaycana qarşı anti-Azərbaycan təbliğatı güclənməkdədir. Eyni zamanda da İran Ermənistana da hərbi və iqtisadi dəstək verməkdədir. Ötən ilin oktyabr ayında 600 ədəd tank əlehinə raket sistemlərini Ermənistana verməklə İran öz niyyətini nümayiş etdirmiş oldu.
Zəngəzur dəhlizi məsələsində qırmızı xətt ifadəsi işlətməsi və digər məqamlar, hamısı hesab edirəm ki, çox həssas məqamlardı. Azərbaycan dövlətinin tələbi də bundan ibarətdir ki, İran öz həddini bilməlidir. Azərbaycan və Ermənistan arasındakı mübahisəli məsələlərə qarışmamalıdır. Əks halda düşünmürəm ki, İran-Azərbaycan münasibətlərində hansısa bir yumşalma və yaxud da irəliləyiş ola bilər.”
Bünyamin Bünyadzadə