DSX-nin helikopteri uçuşa belə hazırlanırdı… – Mi-17-nin özəllikləri

image-mi17abackend

Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

“Qafqazinfo”nun məlumatına görə, Mi-17 tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 10 il əvvəl daxil edilib.

Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanıb. Helikopter 4 fəaliyyətdə istifadə olunur – sanitar, nəqliyyat, desant daşınma və döyüş tətbiqində.

DSX-nin aviasiya sistemində Mi-17 bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsi ilə gedilir.

Qəzada şəhid olan polkovnik Fizuli Cavadov Mi-17 helikopterini idarə edən zaman

Mi-17-ni Mi-8-in yenilənmiş versiyası da adlandırmaq olar. Bu iki helikopteri müqayisə etsək, Mi-17-də daha güclü mühərrik quraşdırılıb. Bu modelin başqa bir xüsusiyyəti quyruq rotorunun sol tərəfə köçürülməsi idi ki, bu da Mi-17-nin uçuş performansını, xüsusən də tavan və qalxma sürətini yaxşılaşdırmağa imkan verir.

Mi-17-nin elektrik stansiyasında rotorun sürətinin avtomatik saxlanılması sistemi və mühərriklərin işinin sinxronlaşdırılması sistemi də var: bir mühərrik nasaz olduqda, qəza rejimində işləyən bir mühərriklə uçuşun davam etdirilməsi təmin edilir.

Qara qutusu quyruq hissəsində yerləşən helikopter eyni zamanda döyüş tətbiqində də istifadə olunur. Mi-17-nin döyüş dəstinə idarə olunan və idarə olunmayan raketlər və mərmilər daxildir.

İdarə olunan raketlərin sayı 8 ədəddir. İdarə olunmayan raketlərin sayı isə 80-nə bərabərdir.

Helikopterin maksimal çəkisi 13 tondur. Mi-17-ni idarə etmək heç də asan olmadığı üçün, bu iş təcrübəli pilotlara həvalə olunur.

Bu gün Rusiya istehsalı olan Mi-17 dünyanın 60-dan çox ölkəsində istifadə olunur.

Maksimal sürəti 250 km/saatdır, helikopterə 26 nəfər əyləşə bilir.

Ekipaj heyəti isə üç nəfərdir. Uçuş heyətinə daxil olan Bort Texniklər də pilotlarla yanaşı, uçuşun səmərəli və təhlükəsiz yerinə yetirilməsinə cavabdehdirlər. Onlar hava gəmilərinin səmada olduğu müddət ərzində mühərrikin və digər vasitələrin sazlığını nəzarət altında saxlayır. Nasazlıq haqda ekipaj komandirini məlumatlandırır və ondan aldığı tapşırıqları yerinə yetirir.

Qəza nəticəsində şəhid olan kapitan Əliyev Xəyyam helikopterə baxış keçirən zaman

DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir. Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra, helikopter tapşırığa göndərilir. Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.

Qəzada şəhid olan baş leytenant Fərid Nağıyev komanda idarəetmə məntəqəsində olarkən

Onu da qeyd edək ki, Sərhəd Aviasiya dəstəsinin bütün uçuşları vahid komanda idarəetmə məntəqəsindən yönləndirilir. Döyüş tapşrığını yerinə yetirən şəxsi heyət tərəfindən verilən informasiyalar bu məntəqə tərəfindən yuxarı komandanlığa ötürülür və ya əksinə yuxarı komandanlıqdan alınan əmr və göstərişlər uçuş heyətinə çatdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90