Yunanıstanda 36 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra nəqliyyat naziri Kostas Karamanlis istefa verib. Qəza ilə bağlı stansiyanın növbətçi rəisi isə saxlanılıb.
Busaat.az “Associated Press”ə istinadən xəbər verir ki, Karamanlis haqsız yerə həlak olan insanların xatirəsinə görə istefa verməyi “vəzifə” adlandırıb.
Yunanıstanın Tempi bölgəsində baş verən qatar qəzası ilə əlaqədar 3 günlük milli matəm elan edilib.
Müvafiq olaraq, martın 1-dən martın 3-dək bütün ictimai binalarda bayraqlar yarıya qədər endirilib, kütləvi tədbirlər ləğv edilib. Siyasi partiyalar da apreldə keçirilməsi gözlənilən ümumi seçkilərlə bağlı kampaniyalarını dayandırıb.
Qəza ilə bağlı Afina və Salonikidə bu axşam etiraz aksiyaları keçirilib. Sosial mediadan edilən çağırışda “qəza deyil, qətl” ifadələri işlədilib.
Afinadan Salonikiyə gedən sərnişin qatarında 346 sərnişin olub. Qəza yerində axtarış-xilasetmə işləri davam edir.