İkinci Qarabağ savaşından sonra Rusiya -Ermənistan münasibətlərinin gərginləşməsi aydın şəkildə görünür. Ermənistanda Rusiyaya qarşı fobiya getdikcə artmaqdadır. Yaxın vaxtlarda Ermənistandakı Rusiya səfiri Laçın yolundakı silahlı hücumla bağlı Xarici İşlər nazirliyinə çağrılıb. Və ona rəsmi etiraz bildirilib.
Ümumiyyətlə Rusiya və Ermənistan arasında baş verən və getdikcə kəskin formaya düşən münasibətlərin səbəbi olaraq nələri qeyd etmək olar?
Bu barədə politoloq Nəzakət Məmmədova Busaat.az-a açıqlama verib:
“Ermənistan Rusiya münasibətləri öz tarixində bəlkə də ən gərgin dövrünü yaşayır desək yanılmarıq. Bunun əsas səbəbi Rusiyanın Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi olub. Ermənistan elə bilirdi ki, özünü ərköyün uşaq kimi aparacaq, istədiyini edəcək və heç kəs buna görə ona bir irad bildirməyəcək. Ancaq tarix elə gətirdi ki, biz bunun tam əksini gördük.
İşğalçı öz əməllərinin layiqli cəzasını müəyyən qədər aldı. Tam aldı ona görə demək olmaz ki, etdiyi deportasiya və soyqırım cinayətlərinin hesabını verdikdən sonra biz müəyyən qədər istədiyimizə nail olduğumuzu düşünə bilərik. Ermənistan daima Rusiya ilə Qərb arasında manevr edib, özünü bu və ya digər tərəfə daha baha satmaqla planlarını həyata keçirə bilib. Ancaq yalan və hamıdan öz marağı üçün istifadə etmək də müəyyən yerə qədər davam edə bilər. Ermənistan Qərbə həddən artıq güvənib Rusiyanın bölgədəki maraqlarına qarşı açıq saymazlıq nümayiş etdirməklə böyük səhvə yol verdi. Və Azərbaycan onun bu zəif məqamından lazımi şəkildə istifadə edib, Rusiya ilə anlaşaraq onu təklədi.
Ermənistan elə bilirdi ki, Rusiya onu hər bir halda müdafiə edəcək, amma belə olmadı. Rusiya onun səhvlərini bağışlamadı və Azərbaycanla birgə hərəkət etdi, Ermənistan meydanda tək qaldı. Ermənilər Rusiyaya qarşı etdikləri səhvləri vaxtında düzəltmək əvəzinə daha da irəli gedib səhv dalınca səhv etdilər və hərəkət etdikcə batdılar. KTMT onun çağırışlarına səs vermədi, hayların harayları heç bir nəticə vermədi. Məsələn, Rusiya sülhməramlılarının üstünə ermənilərin AB silahlı müşahidəçilərini gətirməsi bunlardan biri oldu. Azərbaycanın 1992-ci ildə etdiyi səhvləri Ermənistan 2022-də etdi, yəni Rusiyanın maraqlarını tamamilə inkar edib başqa güc mərkəzlərinə, xüsusilə Qərbə söykənmək.
Mənə elə gəlir ki, Ermənistan yenə də səhvlər buraxmağa davam edəcək və biz bundan istifadə edib regionda öz geosiyasi planlarımızı tam istədiyimiz kimi həyata keçirməyə nail olacağıq. Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşılaşması da Ermənistanı çox çətin duruma salacaq. Azərbaycan prezidentinin Moskvada keçirdiyi görüşlər, xüsusilə prezident Putinin Moskvada Avrasiya İqtisadi Birliyinin toplantısında İlham Əliyevə xüsusi diqqət göstərməsi, Azərbaycan prezidentinin isə burada özünü qonaq kimi hiss etməməsini deməsi ona əsas verir ki, artıq Rusiya Ermənistana yox, Azərbaycana Cənubi Qafqazda özünün əsas müttəfiqi kimi baxır.
Ermənistana isə səhvlərini düzəltmək üçün son şans verilib. O bundan nəticə çıxarmasa, ölkəsini uçuruma doğru sürətlə aparacaq və heç bir qüvvə, o cümlədən, güvəndiyi Qərb onu xilas etməyəcək. Yəqin ki, Ermənistanı ən yaxşı halda ikinci Qazaxıstan, yəni KTMT üzvü olan ölkədə qısamüddətli xüsusi əməliyyat gözləyir. Rusiya Ukraynada başı açılan kimi itaətdən çıxmış kölə – Ermənistanla məşğul olacaq və ona layiqli yerini göstərəcək. Hər bir haldan Ermənistan artıq gözdən düşüb və onu hansı acınacaqlı aqibətin gözlədiyini biz hamımız yaxın zamanlarda görəcəyik.”
Bünyamin Bünyadzadə
Busaat.az