Ermənistan müharibə istəyir – Azərbaycan bu dəfə dayanmayacaq

Ermənistan müharibə istəyir – Azərbaycan bu dəfə dayanmayacaqbackend

Üç yalanın günahı adəm oğlunun adına yazılmaz deyib müqəddəslərdən biri. Bunlardan biri savaş vaxtı deyilən yalan hesab edilir. Çünki savaş məharəti hiylədən ibarətdir. Amma Ermənistan illər boyu arzusunu reallıq kimi qəbul etdi, qonşularına ərazi iddiaları ilə çıxış edərək “dənizdən dənizə Ermənistan” xülyası ilə yaşadı. Nə edək ki, bizim bu bədnam qonşumuzun xəmiri yalanla yoğrulub. Bunun necə ki, 44 günlük Vətən Müharibəsində şahidi olduq. İstər müharibənin gedişində, istərsə də Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən sənədlərin imzalandığı vaxtdan sonra öz cəmiyyətinə və dünya ictimiyyətinə müxtəlif yollarla saxta məlumatlar ötürərək Azərbaycanın tarixi qələbəsini təhrif etməyə çalışsalar da, bu cəhdlər nəticə vermədi. Acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olmaqda davam edir, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Lakin vəziyyətin bundan da acınacaqlı olacağı proqnozlaşdırılır.

Bütün bunları elə Ermənistanın indiki prezidenti Armen Sarkisyan da son müsahibəsində açıq etiraf edib: “Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur. Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub”. Heç şübhəsiz ki, Ermənistan prezidentinin bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Lakin Sarkisyan yeni müharibə planları barədə də müəyyən mesajlar verib: Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq”. Ermənistan prezidenti son cümləsi ilə əslində bölgədə barış tərəfdarı olmadıqlarını, bundan sonra da ərazi iddiaları ilə çıxış etmək üçün gələcək nəsillərə Azərbaycana qarşı nifrət, kin, düşmənçilik aşılanmağının vacibliyi mesajını verdi.

Sarkisyan “Bu müharibədə onların (Azərbaycan) dronları var idi, bizdə isə yox. Növbəti müharibə süni intellektin iştirakı ilə olacaq” açıqlaması ilə isə Ermənistanın Azərbaycandan revanş almaq üçün artıq indidən böyük planlar qurduğunu və fürsət tapacaqları məqamda yaxın gələcəkdə yenidən müharibəyə başlayacaqları barədə açıqlama etməklə işğalçılıq niyyətlərinin heç zaman dəyişməyəcəyini, xislətlərindən dönməyəcəklərini bildirmiş oldu.

Müharibədən sonra yaradılan qondarma Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının sədri” general Vitali Balasanyan da ilk dəfə açıqlamalar verib. Əli vaxtı ilə azərbaycanlıların qanına batmış cinayətkar dəstə başçısı müharibənin məğlubiyyət səbəbi kimi erməni liderlərin yanlış siyasətini qeyd edib. Lakin o, bu açıqlama ilə kifayətlənməyib. Balasanyan Ermənistan və Rusiyanın rəhbərliyi ilə birlikdə itirilmiş əraziləri geri qaytaracağını qeyd etməklə hələ də regiondakı geosiyasi dəyişiklləri görməzdən gələrək Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Azərbaycanın konvensiyalara əsasən tanınan ərazi bütövlüyünə qarşı növbəti dəfə ərazi iddiaları ilə çıxış edən erməni tərəfi ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə bölgəni müharibə ocağına çevirməkdə qərarlı görünürlər. O, “Artsax” müdafiə ordusunun bundan sonra Müdafiə Nazirliyinə deyil, onun rəhbərliyində olan “Təhlükəsizlik Şurasına” tabe olacağını bildirərkən isə görünür illuziyaçılıq qabiliyyətinə arxayın olub.

Amma Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan işğaldan azad edilən Qubadlıya səfəri zamanı Ermənistan hərbi-siyasi rəhbərliyinə, onun havadarlarına və cəmiyyətinə xəbərdarlığını etdi. Ümid edirik ki, Ermənistan rəhbərliyi hələ II Qarabağ Müharibəsindən öncə dəfələrlə müxtəlif ali tribunalardan Azərbaycan liderinin Ermənistanın müharibəyə hazırlaşdığı barədə, bunun baş verəcəyi təqdirdə Azərbaycanın doğma torpqlarını müharibə variantı ilə azad edə biləcəyi ilə bağlı mesajlarını belə tez unutmayıblar. Çünki nəticə göz önündədir.

Qubadlı səfərində də Ali Baş Komandan Ermənistan cəmiyyətinin düzgün nəticə çıxarmalı olduğunu, revanş hissi ilə yaşayacaqlarsa, onların axırının pis olacağını dedi: “Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır. Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır”.

Prezidentin bu açıqlamaları Ermənistan hərbi-siyasi rəhbərliyinə ağıllarını başlarına yığmaq üçün bəlkə də növbəti bir şans idi. Qalır Ermənistanın regiondan, qitədən, xəritədən silinməməsi üçün bu şansdan yararlanmağı./Milli.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki