Bakıda məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı – SƏBƏB

image-1729845165_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgjpg-1729845917backend

Bakıda məşhur “AVVA” mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb. 

Busaat.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş “AVVA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və baş direktoru Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsinin pozulmasında təqsirləndirilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Ramin Babayevlə bağlı cinayət işi şəriki Elçin Cavadov tərəfindən edilən şikayət əsasında açılıb. Belə ki, Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən “AVVA” adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd qadın kastyumu geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın yubkası, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə həbs qoyulub. Bu, Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə baş verib.

Buna baxmayaraq, iş adamı sözügedən malları 23 may 2023-cü ildə icazəsiz olaraq “166” yük daşıma xidmətinin anbarına göndərib. Həmin malları anbardan hissə-hissə götürməklə, mağazada yenidən satışını həyata keçirib.

Malların üzərinə həbs qoyulmasına səbəb iş adamı ilə şəriki Elçin Cavadov arasında yaranan 140 min manatlıq qalmaqal olub. Ramin Babayev iddia edib ki, Elçinə güvəndiyi üçün onu təsis etdiyi şirkətə direktor vəzifəsinə təyin edib. Sözügedən mağazalar şəbəkələrini onun valideyinlərinin adına rəsmiləşdirib. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında şirkətdə apardığı daxili yoxlamalar zamanı məlum olub ki, mağazada təxminən 140.000 manata yaxın pul çatışmır. Bundan sonra onların münasibətləri pozulub.

Elçin isə iddia edib ki, onun işçisi olmasına baxmayaraq, Ramin sözügedən mağazanı icarəyə götürən zaman ticarətin qurulması üçün öz avtomobilini sataraq, 35.000 manat məbləğində pul verib. Həmçinin 2021-ci ilin iyun ayında “Tarqovı”da “AVVA” mağazası yandıqdan sonra Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən özünə məxsus olan iki otaqlı evini sataraq, Raminə 20.000 manat məbləğində pul verib. 140 min manat maliyyə çatışmamazlığına görə Ramin onunla işləmək istəmədiyini deyib. O isə mağazaya 50 min manatdan artıq xərclədiyi üçün pay sahibi olmasını tələb edib. Ramin onunla razılığa gələndən sonra, həmin yeri direktor olaraq öz adından subicarə müqaviləsi bağlayaraq, anası Şövkət Cavadovaya icarəyə verib.

Ramin isə icarə müqaviləsini ləğv edərək, pos-terminalları Elçinin anasının adından çıxararaq, həyat yoldaşının adına rəsmiləşdirib. Elçin bundan qəzəblənərək onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Neftçilər metrostansiyasının yaxınlığındakı “AVVA” adlı mağazanın birinci mərtəbəsində olan malların üzərinə həbs qoyulub. Buna baxmayaraq, iş adamı həmin malları oradan icazəsiz çıxardığı üçün barəsində cinayət işi açılıb.

O da məlum olub ki, “Sədərək” və “Binə” ticarət mərkəzlərindən mənşəyi bilinməyən müxtəlif növ qadın geyim malları alınaraq, həmin mağazanın birinci mərtəbəsində satılırmış.

Məhkəmənin qərarı ilə iş adamı Ramin Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilib.

“AVVA” mağazalar şəbəkəsinin rəhbəri Ramin Babayev Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, artıq Elçin Cavadovla aralarında barışıq əldə olunub:

“Biz yenidən birlikdə çalışırıq. Elçin mənim işçim olub və aramızda belə anlaşılmazlıq yaranıb. İnşallah yenidən problemimiz olmaz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki