5 iyun 2023-cü il tarixində ADA Universitetində keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin mətbuata açıqlaması olub. Həmin açıqlamada nazir Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Eyni zamanda, yaxın günlərdə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da ilin sonuna qədər Azərbaycanla sülh sazişi ilə bağlı fikir bildirib. Qriqoryan qeyd edib ki, hazırda danışıqlar olduqca intensiv formada davam edir.
Daha sonra vurğulayıb ki, bu intensivlik belə davam etdirilsə və beynəlxalq təşkilatlardan lazımi dəstək olarsa, 2023-cü ilin axırına kimi sülhün əldə edilməsi ehtimalı çox böyükdür.
Ümumiyyətlə 2023-cü ilin axırlarına qədər sülhün əldə olunmasını nə dərəcədə mümkün hesab etmək olar? Sülh sazişi hansı şəhərdə imzalana bilər?
Bu barədə siyasi şərhçi Gülsel Səfərova Busaat.az-a açıqlamasında bildirib ki, Ermənitsan artıq anlayır ki, sülh müqaviləsini imzalamaqdan qaçış yoxdur:
“O mənada ki, regionda ilk növbədə Ermənistan öz xalqının və dövlətinin təhlükəsizliyini istəyirsə, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Bildiyimiz kimi Brüsseldə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Daha sonra digər görüşlərdə müəyyən qədər Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı narahatçılığını bildirmişdi. Azərbaycan Prezidenti də Paşinyana müfəssəl və məntiqli cavablar vermişdi. Təbii ki, aradabir görüşlərdə belə gərginliyin yaşanması da normaldır.
O ki qaldı sülh müqaviləsinin imzalanmasına, labüddür ki, cari ilin sonuna qədər sülh müqaviləsi imzalansın. Eyni zamanda Zəngəzur dəhlizi də açılsın. Sülh müqaviləsi imzalandıqdan sonra hər iki dövlət arasında qarşılıqlı iqtisadi və siyasi münasiblər inkişaf edə bilər. Bu çox vacibdir. Sülh sazişinin harada imzalanması məsələsinə gəldikdə isə, bilirik ki, burada əsas aktiv rolu Brüssel və Moskva oynayır. Hansı tərəf öz fəallığını daha çox nümayiş etdirəcəksə, o tərəflə bağlı bir yer seçilib orada da müqavilə imzalanacaqdır.
Bizə ərazi bütövlüyümüzün tanınması və işğaldan azad olunan ərazilərimizdə rahat işlərimizi görməyimiz lazımdır. Belə ki, biz buna nail olmuşuq. Azərbaycan regionda sülhün təminatçısı olmalıdır.
Daha bir vacib məqam isə odur ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə transmilli layihələr həyata keçirə bilsin. Bu layihələr nəticəsində nəinki Azərbaycan, eyni zamanda Ermənistan və Türkiyə də maddi və iqtisadi qazanc əldə edə biləcəklər.
Ona görə sülh müqaviləsi ilə bağlı aktiv görüşlərin çox olması Azərbaycan və Ermənistanın siyasətinə uyğundur…”
Bünyamin Bünyadzadə
Busaat.az