Estoniya, Latviya və Litva bu gündən etibarən Rusiya nömrəli avtomobillərin ölkəyə girişinin qadağan edib.
Busaat.az xəbər verir ki, bu barədə Litva xarici işlər nazirinin müavini Jovita Neliupsiene jurnalistlərə bildiirib.
“Hazırda Rusiya vətəndaşları sərhədi ancaq avtobus və ya piyada keçə bilərlər”, – Neliupsiene söyləyib.
Qeyd edək ki, sözügedən qadağa qərarı ilk olaraq Litvadan gəlib.
Nazir müavini Litva və Polşa arasında Baltik dənizi sahilində yerləşən və Rusiya ilə heç bir quru əlaqəsi olmayan Kalininqrada gedən nəqliyyat vasitələrinin bu qadağadan azad ediləcəyini və lazımi sənədləri təqdim edən şəxslərə sərhəddən keçməyə icazə veriləcəyini deyib.
Digər tərəfdən, Latviya mətbuatında çıxan xəbərlərdə Rusiya nömrəli nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyulduğu bildirilir.
Məsələ ilə bağlı son addım Estoniyadan gəlib və ölkənin Daxili İşlər Nazirliyi bu gündən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.
Estoniyanın xarici işlər naziri Margus Tsahkna sözügedən qərarın doğru olduğunu bildirib və qərarı alqışlayıb.
Avropa Birliyi (AB) Komissiyasının Rusiya nömrəli nəqliyyat vasitələri ilə bağlı verdiyi qərarın Estoniyanın xarici siyasət maraqları, mövqeyi və sanksiya siyasətinə uyğun olduğuna diqqət çəkən Tsahkna, “Sabah hökumətlə görüşüb Rusiya nömrələri ilə nəqliyyat vasitələri məsələsini gündəmə gətirəcəyəm”, – söyləyib.
Tsahkna bu gün qonşu ölkələrlə də videokonfrans keçirəcəklərini qeyd edib.
Litva və Latviyanın da eyni addımı atmasından məmnunluqlarını ifadə edən Tsahkna, “Rusiya Ukraynada soyqırımı davam etdirdiyi halda, biz təcavüzkar dövlətin vətəndaşlarının azadlıq və demokratiya nemətlərindən istifadə etməsinə icazə verə bilmərik”, – bildirib.