Gənclər kibertəhlükəsizlik və süni intellekt sahələrinə yönəlir – Fərid Həsənzadə

image-img_4234backend
Texnologiyanın sürətli inkişafı və rəqəmsallaşmanın həyatın bütün sahələrinə
nüfuz etməsi nəticəsində kibertəhlükəsizlik və süni intellekt üzrə mütəxəssislərə
olan tələbat durmadan artır. Məsələ ilə bağlı açıqlama verən Beynəlxalq Təhsil
Eksperti və Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının (ASAC) Baş Katibi Fərid
Həsənzadə bildirib ki, gənclərin bu sahələrə artan marağı təsadüfi deyil – bu, həm
qlobal əmək bazarının tələbinə, həm də cəmiyyətin real ehtiyaclarına cavabdır.
“Kibercinayətkarlıq artıq gündəlik həyatın təhlükələrindən birinə çevrilib. Əvvəllər
xaricdən zəng gələndə fikirləşirdik ki, yəqin tanışlarımızdır, zəngə cavab verirdik.
İndi isə vəziyyət dəyişib, artıq xarici nömrələri açmırıq, çünki bu zənglərin
arxasında kiberdələduzluq halları ola bilər. Hətta bəzən yerli nömrələrdən gələn
zənglər də insanlara təhlükəli görünür. Bu, texnologiyanın yaratdığı imkanlardan
sui-istifadənin nə qədər geniş yayıldığını göstərir”, – deyə ekspert qeyd edib.
Fərid Həsənzadənin sözlərinə görə, bu təhlükələrin qarşısını almaq üçün peşəkar
kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyac var və gənclər bu sahədəki boşluğu
doldurmağa hazırdır. O əlavə edib ki, Elm və Təhsil Nazirliyinin 2025/2026-cı illər
üzrə Dövlət Proqramına məhz bu istiqamətlərlə bağlı ixtisasların daxil edilməsi
gənclərin inkişafına verilən strateji dəstəyin göstəricisidir.
Hazırda ən aktual texnoloji ixtisaslar sırasında aşağıdakılar xüsusi yer tutur:
 Kibertəhlükəsizlik (Cybersecurity)
 Verilənlər Elmi və Süni İntellekt (Data Science & Artificial Intelligence)
 Kompüter Mühəndisliyi və İnformasiya Təhlükəsizliyi
 Robototexnika və Vizual Hesablama (Robotics & Visual Computing)
“Rəqəmsal təhlükəsizlik sadəcə İT şirkətləri üçün yox, artıq fərdi və ictimai
həyatın ayrılmaz hissəsinə çevrilib. Süni intellekt isə gündəlik istifadə etdiyimiz
xidmətlərdə – bankçılıqdan tutmuş səhiyyəyə qədər dominant rol oynayır. Bu
səbəbdən gənclərimizin bu sahələrə yönəlməsi gələcəyin ixtisas seçimi deyil, həm
də cəmiyyətə töhfədir”, – deyə Fərid Həsənzadə əlavə edib.
ASAC rəsmisi gəncləri texnoloji yeniliklərə açıq olmağa, rəqəmsal biliklərini
inkişaf etdirməyə və gələcəyin təhlükəsiz dünyasını birlikdə qurmağa çağırıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki