Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən görüş zamanı üzərində “SSRİ” yazısı olan sviter geyinərək həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkib. Onun geyim seçimi bir anda gündəmin əsas mövzusuna çevrilib və liderlərin görüşü qədər müzakirə olunub.
Busaat.az xəbər verir ki, Lavrov bu barədə Amerikanın ən böyük televiziyalarından olan NBC News-a müsahibəsində açıqlama verib.
O, qeyd edib ki, sviterdəki yazı Sovet İttifaqının bərpası niyyətini ifadə etmir:
“Biz Sovet İttifaqında doğulmuşuq. Vladimir Putin dəfələrlə deyib: “Kim SSRİ-nin dağılmasına görə təəssüflənmirsə, onun ürəyi yoxdur, kim isə onun bərpasını istəyirsə, onun başı yoxdur. Bu, tamamilə düzgün fikirdir”.
Lavrovun geyindiyi sviterə sosial şəbəkələrdə minlərlə şərh yazılıb. Bir çoxları bunu Moskvanın gizli siyasi mesajı kimi dəyərləndirsə də, digərləri sadəcə nostalji element olduğunu vurğulayır. ABŞ mediasında isə əsas sual belə idi: nəyə görə məhz Alyaska kimi simvolik məkanda belə bir geyim seçilib?
Maraqlıdır ki, Alyaskadakı görüşdə Rusiya – Ukrayna müharibəsi, planetar təhlükəsizlik, enerji siyasəti və sanksiyalar əsas müzakirə mövzusu olsa da, mediada işıq üzü görən başlıqlar sırasında Lavrovun “SSRİ sviteri” ilə bağlı mövzu da ön planda idi. Sosial şəbəkələrdə “diplomatiya yox, dizayn qalmaqalı” ifadələri ilə paylaşımlar yayıldı.
Lavrovun geyimi bir daha sübut etdi ki, beynəlxalq siyasətdə bəzən bir simvol, bir geyim seçimi belə rəsmi gündəliyi kölgədə qoya və bütün diqqəti üzərinə çəkə bilir. Alyaska görüşünün tarixə necə düşəcəyi məlum deyil, amma Putinin ayağının altına sərilən qırmızı xalça və “SSRİ sviteri” şübhəsiz ki, daim yaddaşlarda qalacaq.