“Ümumiyyətlə, idman oyunları, musiqi yarışları və bu tipli beynəlxalq fəaliyyətlərin demək olar ki, hamısının tərkibində siyasət var”.
Bu sözləri Busaat.az-a açıqlamasında siyasi şərhçi, jurnalist Fuad Abbasov deyib.
Ekspert bildirib ki, “Avroviziya” mahnı yarışmasında da hər zaman siyasi çalarlar olub:
“Konkret Fransanın “France 2” kanalının aparıcısının mövqeyinə gəldikdə isə rəsmi Paris bunu tənzimləyə bilməz, yəni müdaxilə edə bilməz. Çünki Fransa dünyaya demokratiya dərsi verir. Ona görə də belə bir ölkənin hansısa televiziya aparıcısının mövqeyi, yanaşması, tərəfkeşliyi nöqsan görülmür. Fransa tərəfi ölkədə demokratiyanın olduğunu deyərək hər kəsin söz azadlığının olduğunu bildirir. Nə dövlətin, nə də kanal rəhbərliyinin aparıcının şəxsi fikirlərinə görə məsuliyyət, öhdəlik daşımadığı vurğulanır”.
Oyunlar zamanı ifadə edilən fikirlərin aparıcının subyektiv yanaşması olduğunu deyirlər. Müsahibimiz qeyd edib ki, əlbəttə, Fransanın Azərbaycanla çox ciddi problemləri var. Fransa Azərbaycanın Bakı Təşəbbüs Qrupu tərəfindən başlatdığı neokolonial siyasətinə qarşı mübarizəyə cavabsız qala bilməzdi:
“Ona görə də müxtəlif formalarda rəsmi Bakıya qarşı kampaniya həyata keçirir. Amma bunlar çox aciz, cılız cavablardır”.
Fuad Abbasov, politoloq
F.Abbasov hesab edir ki, Fransanın Azərbaycana qarşı atacağı heç bir konkret və güclü addımı yoxdur:
“Məhz o səbəbdən medianı, aparıcılarını işə salaraq bu cür xoşagəlməz hallar həyata keçirirlər. Təbii ki, bunların bizə heç bir təsiri yoxdur”.
Qeyd edək ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanda haqlı narazılıqlara səbəb olan insident baş verib. Fransanın “France 2” telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər.
Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlədə bilməyib:
“Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”.
Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və bu da Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.