Gənc nəmurlarla bağlı sərt tənqidlər…

image-thumb600x0-4backend

Deputat Razi Nurullayev: “Elə gənc məmurlar var ki, köhnələrin atasına rəhmət oxutdurur”

Jurnalist Samir Feyruzov: ” Bəzi gənc məmurlar vəzifəsinin öhdəsindən gələ bilmir, bu vəzifədə niyə oturduğunu soruşanda deyir ki, xaricdə oxumuşam, iki dil bilirəm”

Ötən gün millət vəkili Fazil Mustafa Milli Məclisdəki çıxışında müzakirəsi zamanı gənc məmurları tənqid edib. Ölkədə korrupsiyanın azalmamasından gileylənən deputat bəzi gənc məmurları “acgözlük”də ittiham edib.

Eyni zamanda, millət vəkili mövzu ilə əlaqədar mətbuata verdiyi açıqlamaların birində  bəzi məmurların deputatları saymadığını söyləyib. Bildirilib ki, bir qrup məmur hökumət telefonunun mahiyyətini bilmir.  Bəzi gənc məmurların nə özü, nə də köməkçisi deputatların zənglərinə cavab vermir.

Deputat Razi Nurullayev həmkarının fikirləri ilə bağlı Editor.az-a verdiyi açıqlamada bildirib ki, əvvəlki dövrlərə nisbətən məmurların zənglərə cavab verməməsi kimi hallar qismən azalıb:

” Ölkədə minlərlə məmur var. Hər birinə zəng etmirəm, amma hələ ki etdiklərimlə gec-tez əlaqə saxlaya bilirəm. Lakin gənc kadrların, məmurların fəaliyyəti ilə bağlı narazılıqlarla tamamilə razılaşıram. Bəzən gənc məmurlar vəzifəyə yeni təyin olunduqda müəyyən bir müddət normal fəaliyyət göstərsələr də sonradan “köhnələrin atasına rəhmət oxutdururlar”. Bu, faktdır. Bir çoxu ölkənin siyasi sisteminə, keçmişinə, tarixinə bələd olmadığı üçün fəaliyyəti zamanı ciddi hörmətsizliklərə yol verir, vəzifənin onlara tanıdığı imkanlardan sui-istifadə etməyə başlayırlar. Bu da onların ciddi problemlərə, məsələlərə çox soyuqqanlı, laqeyd yanaşmasına gətirib çıxarır. Eyni zamanda, əksər məmurların bir çox məsələlərlə bağlı sərbəst qərar qəbul edə bilmək imkanları da zəifdir. Amma özlərinə sərf edən bəzi prosesləri elə həyata keçirirlər ki, biz köhnələrin atasına rəhmət oxuyuruq”.

Millət vəkili gənc məmurların fəaliyyətindən xeyli narazı olduğunu bildirib:

“Gənc məmurların fəaliyyətsizliyi, məsuliyyətsizliyi çox ciddi problemdir. Bunu dəfələrlə Milli Məclisdə dilə gətirmişik. Məmurların əsas vəzifəsi vətəndaşa xidmət etmək, problemlərinin həlli, narazılıqlarının mümkün qədər aradan qaldırılmasına kömək olmaqdır. Ancaq bəzi məmurların işi-gücü insanları süründürmək, mümkün qədər problemlərinin həllini uzatmaqdır. Nəticədə müraciətinə günlərlə baxılmayan, bir sənədi almaq üçün aylarla ayaq döyməkdən yorulan vətəndaş da düşünür ki, müəyyən məsələləri rüşvət müqabilində həll edə biləcək. Deməli, artıq rüşvət almanın, korrupsiyanın modelləri də dəyişib. İnsanları bezdirirlər, əldən salırlar və birbaşa yox, müxtəlif variantlarla rüşvət alırlar. Rüşvətin yeni modeli budur. Beləliklə, vətəndaşın həm sağlamlığı əsəbləri pozulur,  həm də  pulu gedir. Əvvəlki dövrdə  isə məmurlar vaxt itirmədən birbaşa rüşvətlə problemi həll edirdi. İndi bu gənc kadrlar rüşvətə gedən yolda vətəndaşı bezdirərək işlərini görür. İndi rüşvətalma prosesi lap çətinləşib. Bu məsələlərlə bağlı yüzlərlə faktlar var”.

Araşdırmaçı jurnalist Samir Feyruzov Editor.az-a bildirib ki, sözügedən məsələyə fərqli konteksdən yanaşmağın tərəfdarıdır:

“Hesab edirəm ki, ölkədə deputat-məmur münasibətlərindən də daha çox məmur-vətəndaş münasibətlərinin səviyyəsi, onun möhkəmləndirilməsi əsas müzakirəyə çevrilməlidir. Hansısa gənc məmurun Fazil Mustafaya qarşı etinasız münasibəti, həmin məmurların telefona cavab verməməsi də başadüşülən deyil. Amma deputatlar içərisində də elə şəxslər var ki, indiyə qədər bir jurnalistin zənginə cavab verməyib. Hətta on illərdir, parlamentdə bircə dəfə ağzını açmayan deputatlar var. Bir az kobud şəkildə ifadə etsək, pis deputat olduğu kimi, pis məmurlar da var və həmişə də olacaq. Şəxsən rastlaşdığım bir məsələni diqqətinizə çatdırım. Gənc məmurlardan biri ilə görüşmüşdüm. Adam rus dilində danışırdı, nə qədər çalışdımsa, onu Azərbaycan dilində danışdıra bilmədim. Azərbaycan dilini bilir, sanki bu dildə danışmağı özünə sığışdırmırdı. Belələri çoxdur. Onlar elə başa düşürlər ki, rus, ingilis dilində danışa bilməyən adama hörmət etmək lazım deyil. Belə məmurlar haqqında həmişə deyirəm ki, mən nə qədər fransızamsa, bunlar da bir o qədər azərbaycanlıdır. Burada milli kadr məsələsi önə çıxır”.

Jurnalistin sözlərinə görə, gənclərin vəzifələrə təyinatında əsas meyar onun milli keyfiyyətləri ilə bağlı amillər olmalıdır:

“Kim deyir ki, hansısa əcnəbi dili bilməsin. Amma buna qədər daha vacib meyarlar nəzərə alınmalıdır. Fazil Mustafa fikir adamıdır, ən fəal deputatlarımızdan biridir, hər kəsə də açıq adamdır. Parlamentdə elə şəxslər var ki, onların fəaliyyətinin tarixi az qala müstəqilliyimizin tarixi qədərdir. Məmurlar bu deputatların zəngini ayaq üstə açmalıdırlar. Çünki deputat xalqın səsini ifadə edən şəxsdir, məmur da xalqın xidmətçisi olmağı bacarmalıdır. Bir sıra gənc məmurlar var ki, vəzifəsinin öhdəsindən gələ bilmir, bu vəzifədə niyə oturduğunu soruşanda deyir ki, xaricdə oxumuşam, iki dil bilirəm. Yaxşı, bəs Azərbaycan ali məktəblərini bitirən şəxsləri necə edək, aparıb dənizə tökək? Kiminsə ailəsi imkanlıdırsa, gedib dünyanın nüfuzlu universitetlərində kurs keçibsə, bizim günahımız nədir? Əgər əsas meyar dil bilməkdirsə, onda beş-altı dil bilən həkimlər, müəllimələr var, gəlin onları da strateji vəzifələrə təyin edək. Prezident İlham Əliyev gənclərə etimad göstərir, onlar önə çəkilir. Dövlət başçısının məqsədi kadr islahatları sahəsində də ciddi dəyişikliklərə nail olmaqdır. Prezident xalqı köhnə və yırtıcı bir məmur heyətindən azad etdi. Yeni məmur heyəti İlham Əliyevin siyasətinin tələblərinə cavab verməlidir, məmurlar insanlarla, deputatlarla kirpiklə qaş qədər yaxın olmalıdır. Biz qalib xalqıq, Qarabağı azad etmişik. Qarabağın azad olunması bizim strateji hədəfimiz idi, buna nail olduq. Bundan sonrakı strateji hədəflərimiz müəyyənləşdirilməlidir. Hesab edirəm ki, milli kadrlar məsələsi də bu hədəflər siyahısında olmalıdır. Elə deputatlar var ki, məmurlarla nəhəng biznes qurublar. Çox qəribədir, indi biznesi olmayan jurnalistə də, məmura da yaxşı baxmırlar. Yüksək vəzifə daşıyan elə gənc məmur var ki, axşam işdən çıxandan sonra gedib internet klubda “iqra” oynayır, amma özünün başçılıq elədiyi sahə rəsmən batıb. Düşünürəm ki, bunlar Prezidentin çıxışlarından nəticə çıxarmalıdırlar, əks halda sonları yaxşı olmayacaq. Özlərindən əvvəlki korrupsioner məmurların sonunu düşünsünlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki