Gənclər Günü münasibətilə rəsm və əl işləri sərgisi keçirilib – Tədbirdən FOTOLAR

image-1backend

“Sağlamlığın Qorunması” İctimai Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində Xətai sənət mərkəzində Gənclər Günü münasibətilə Rəsm və əl işləri sərgisi keçirilib. Busaat.az xatırladır ki, belə sərgilər “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən mütəmadi olaraq təşkil olunur. Belə ki, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva tərəfindən 2 fevral 2020-ci il və 5 fevral 2022-ci il tarixlərində gənc rəssamların rəsm sərgisi təşkil olunub. Budəfəki sərginin keçirilməsində isə əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, onların tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir.

Sərgidə rəssam Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova, Aysu Əsgərli, Aydan Poladovanın rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri nümayiş olunub. Qürurverici məqam isə sərgidə şəhid övladlarının da əl işləri və rəsmlərinin nümayiş olunması idi.

Sərgidə milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsmlər, həmçinin əl işləri nümayiş olunub. Sərgini giriş sözü ilə Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıb. Yazgül xanım sərginin keçirilmə məqsədindən, İB tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs edib. O, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin gənclərimizin istedadlarının üzə çıxarılması baxımından müstəsna əhəmiyyətini vurğulayıb. Məlumat üçün bildirək ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi bu günə qədər “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atıb. Üçüncü dəfə həyata keçirilən həmin sərgi isə ənənə halını almış belə tədbirlərin növbətisi idi.

Tədbirdə çıxış edən “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, “Sara Xatun” Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə, şair Gəray Göyyurd, şəhid ailələri və digər qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar. Sonda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva və digər təşkilatlar tərəfindən rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” rəsm və əl işləri sərgisində fəal iştiraklarına görə təltif ediliblər. Sərgi 12:00-dan 16:00-a qədər davam edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki