Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermakın azadlığa buraxılması üçün tələb olunan girov məbləği tam ödənilib.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.
Məlumata görə, məhkəmənin Yermak üçün müəyyən etdiyi 140 milyon qrivnalıq (təxminən 5 milyon 389 min AZN) ümumi girov məbləği tam ödənilib. Prezident Ofisinin keçmiş rəhbəri üçün hətta tələb olunandan daha çox – 154 milyon qrivna (təxminən 5 milyon 917 min AZN) vəsait toplanıb.
Bu məqsədlə təxminən 200 ödəniş edildiyi bildirilir.
Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar (təxminən 17 milyon 850 min AZN) vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər. Kiyev məhkəməsi mayın 14-də Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də Ukrayna Prezidentinin Ofisinin rəhbəri vəzifəsindən istefa verib.
***
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin keçmiş rəhbəri Andrey Yermak istintaq təcridxanasından girov müqabilində azadlığa buraxılıb.
Təcridxanada 4 gecə keçirmiş Yermakın bu müddət ərzində ödənişli kamerada saxlanıldığı bildirilib.








