“Qəzanın Rusiya-Ukrayna cəbhəsindən uzaqda – Buryatiya Respublikasında baş verdiyini nəzərə almaq lazımdır”.
Bunu Rusiyada baş verən helikopter qəzasının terror aktı olması fikirlərini qiymətləndirən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, nəzəri olaraq Rusiyadakı helikopter qəzasının terror aktı olması ehtimal olunsa da, praktiki olaraq real görünmür: “Helikopter qəzası haqda artıq müxtəlif fikirlər səslənir. Fikirlərdən biri də qəzanın terror aktı olmasıdır. Helikopterin qəzaya uğraması işğalçı əməliyyatlara cavab olaraq Ukrayna xüsusi xidmət orqanlarının Rusiyaya cavabı kimi qiymətləndirib”.
Qəzanın planlı şəkildə həyata keçirilib-keçirilmədiyi istiqamətində dəyərləndirmələr aparan politoloq qeyd edib: “Qəzanın Rusiya-Ukrayna cəbhəsindən uzaqda – Buryatiya Respublikasında baş verdiyini nəzərə almaq lazımdır. “Mİ-8” markalı helikopterin adı bir sıra qəzalarda hallanıb. “Mİ-8” helikopterində ciddi texniki problemlər mövcuddur. Bədbəxt hadisənin texniki nasazlıq və ya ekipajın təcrübəsizliyindən baş verdiyini deməyə əsas var. Hadisəni terror aktı ilə əlaqələndirmək tam real görünmür. Hadisənin planlı şəkildə həyata keçirilməsi istiqamətindəki fikirləri Rusiyada cəmiyyətin fikrini yayındırmaq, “ukraynalı neonasistlərin” terrora başlaması kimi fikirlərin formalaşmasına zəmin yaradaraq xalqın hədəfindən yayınmağa çalışmaq üçün atılan addım kimi də qiymətləndirilə bilər”.
Busaat.az/Ələsgər