İlham Əliyevin Britaniya səfəri: Azərbaycan həm regional, həm də qlobal səviyyədə mövqelərini gücləndirir

image-171backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

Busaat.az-ın məlumatına görə, dövlətimizin başçısı Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir. Prezident Zirvə toplantısı çərçivəsində Macarıstan baş naziri Viktor Orbanla, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher və Lüksemburqun baş naziri ilə görüşüb, müzakirələr aparıb. Ölkə rəhbərinin digər liderlərlə də təmasları gözlənilir.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakının bizim üçün bir sıra müsbət məqamları var.

Ekspertin sözlərinə görə, dövlət başçısının Londona səfəri və Sammitdə iştirakı həm regional, həm də qlobal səviyyədə mövqelərinin güclənməsinə təsir edə bilər:

“Qarşıdan COP29 tədbiri və ondan öncə parlament seçkiləri gəlir. Azərbaycanın mövqeyinin və həyata keçirdiyimiz siyasətə qarşı ciddi anti-Azərbaycan qüvvələr var ki, bütün gücləri ilə fəaliyyətə keçiblər. Xüsusən, Fransa-Ermənistan cütlüyünün cəhd göstərdiyi, çalışdığı qüvvələr var ki, onlar Azərbaycanı hər addımda ləkələməyə çalışırlar”.

Müsahibimizə görə, belə məqamda Azərbaycan Prezidentinin Böyük Britaniya baş naziri Kir Starmerin dəvəti ilə 4-cü Zirvə toplantısında iştirak etməsi xüsusi dəyərləndirilməlidir:

“Nəzərə almaq lazımdır ki, burada Azərbaycan həm İsveçrə, Macarıstan və Lüksemburq rəhbərlikləri ilə görüşlər keçirib. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq səviyyədə həyata keçirdiyi açılım siyasəti doğru istiqamətdədir. Bu, xüsusi əhəmiyyət daşıyır. Prezidentin görüşlər çərçivəsində müxtəlif ölkə liderlərini COP29-a dəvət etməsi də mühüm amildir. Nüfuzlu qonaqların iştirakı tədbirin daha yüksək səviyyədə keçirilməsinə imkan verəcək”.

Samir Hümbətov: Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi açılım siyasəti doğru istiqamətdədir

Analitik vurğulayıb ki, Azərbaycan prezidenti görüşdüyü ölkə rəhbərləri ilə ikili əlaqələrin – siyasi-iqtisadi, hərbi-təhlükəsizlik və diplomatik, mədəni sahələr üzrə əməkdaşlığın dərinləşməsini müzakirə edir:

“Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsinin perspektiv imkanlarının müzakirəsi xüsusi əhəmiyyət daşıyır. O baxımdan belə təmaslar hər iki tərəf üçün önəmlidir. Azərbaycanın artan mövqeyi buna imkan verir. Prezident İlham Əliyev ikili əməkdaşlığa nə qədər həssaslıqla yanaşdığını və əlaqələrin dərinləşməsində əsas təminatçı olduğunu ortaya qoyur. 2024-cü ilin bu aylarınadək Azərbaycanın xarici ticarət dövriyyəsi 15 milyard dolların üzərindədir. Londondakı görüşlərin də ciddi nəticəsinin olacağı şübhəsizdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki