“İngilis Dilini İngilisdən Öyrən” layihəsi uğurla başa çatdı

image-save_20250605_123552backend

Bakı şəhərində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “İngilis Dilini İngilisdən Öyrən: 9-cu Sinif Şagirdləri üçün Onlayn Danışıq Dərsləri” layihəsi uğurla icra olunaraq başa çatıb. Layihə Bakı şəhər 74 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nərgiz Süleymanova tərəfindən həyata keçirilib.
Layihənin əsas məqsədi – ingilis dili doğma dili olan əcnəbi müəllimin təcrübəsindən istifadə etməklə 9-cu sinif şagirdlərinin ingilis dili danışıq bacarıqlarını inkişaf etdirmək, müəllimlərin isə müasir metodika və ünsiyyət əsaslı tədris sahəsində biliklərini artırmaq olub.
Layihə çərçivəsində 6 ay ərzində 9-cu sinif şagirdləri üçün həftədə iki dəfə olmaqla ümumilikdə 48 onlayn danışıq dərsi, məktəbin 5 ingilis dili müəllimi üçün isə 16 onlayn metodiki sessiya təşkil olunub. Dərslər ingilis dilli xarici müəllim Nyaradzo Mtizira tərəfindən aparılıb.
Danışıq dərsləri zamanı şagirdlər real dil mühitində ünsiyyət qurmaq imkanı əldə edərək səlislik, dəqiqlik və tələffüz baxımından nəzərəçarpacaq inkişaf nümayiş etdiriblər. Müxtəlif interaktiv fəaliyyətlər, dialoqlar və təqdimatlar vasitəsilə onların ingilis dilinə olan motivasiyası və özünəinamı artıb. Əlavə olaraq, şagirdlər mədəniyyətlərarası kommunikasiya, qlobal dəyərlər və gündəlik ingilis dili istifadəsi ilə daha yaxından tanış olublar.
Müəllimlər üçün keçirilən sessiyalar isə danışıq dərslərinin planlaşdırılması, idarə olunması və kommunikativ metodikaların tətbiqi ilə bağlı bilik və bacarıqların artırılmasına xidmət edib. Təlimlər nəticəsində müəllimlər öz dərslərinə daha çox interaktivlik, tələbəyönümlü yanaşma və müasir texnikaları daxil etməyə başlayıblar.
Layihə çərçivəsində həm şagirdlər, həm də müəllimlər üçün məmnunluq və keyfiyyət sorğuları keçirilib, iştirakçıların proqresi izlənilib və əlavə dəstək mexanizmləri təmin olunub. Layihənin sonunda şagird və müəllimlərin iştirakı ilə bağlanış mərasimi təşkil olunub.

image-save_20250605_123602


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki