“İndiki məqamda bu səssizliyin arxasında əsas səbəbin yeni bir plan üzərində işləməkdən irəli gələ biləcəyini düşünürəm”.
Bunu Laçında baş verən proseslər ətrafında İranın səssizliyinin səbəbləri barədə fikirlərini səsləndirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, İranın Laçında baş verən proseslərlə bağlı susqun durmasının səbəbləri müəyyən müddət ərzində aydın olacaq:
“Amma indiki məqamda İranın belə bir mövqe tutmasının arxasında duran əsas səbəb görünür ki, hadisələrin gedişini izləməkdir. Gedişi izləməsindən sonra çıxacaq yekun nəticələrin nə olacağı, sonrakı mərhələdə isə bu işin hansı istiqamətdə cərəyan edəcəyi məsələsidir. Məncə indiki məqamda İran hakimiyyəti, yəni Tehran rejimi sadəcə və sadəcə hadisələri izləməyə köklənib.
Hər zaman belə sakit qalacaqlarını düşünmürəm. Çünkü Laçın dəhlizinin Azərbaycan dövləti tərəfindən nəzarətə götürülməsi İranın Qarabağla planlarını alt-üst etmiş oldu. Ona görə də müəyyən müddət ərzində ya Azərbaycan daxilində, ya Qarabağda, ya da Ermənistan-Azərbaycan dövlət sərhədində yenidən bir təxribatın olması ehtimalı var. İran tərəfi açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qıcıq olur. Çünki Azərbaycanın güclənməsi İranın maraqlarına ziddir”.
“Kifayət qədər qaranlıq məqamlar var. Hərhalda bir plan üzərində işləməyə çalışırlar. Nəticəsini necə aradan qaldıracıyıq, bu artıq növbəti mərhələnin işidir. Amma indiki məqamda bu səssizliyin arxasında əsas səbəbin yeni bir plan üzərində işləməkdən irəli gələ biləcəyini düşünürəm”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az