İran-İsrail gərginliyi artır: Böyük müharibəyə yol açılır

image-67backend

Britaniya, Almaniya və Fransa hökumətləri İranı İsrailə qarşı hücumdan çəkindirmək üçün birgə bəyanat yayıb. Bildirilib ki, İran və İsrail arasında mümkün müharibə Qəzzadakı vəziyyəti daha da ağırlaşdıra, atəşkəs və əsir mübadiləsi üzrə danışıqlara zərər verə bilər.

Bəs görəsən, İran-İsrail müharibəsinin başvermə ehtimalı nə qədərdir?

Politoloq Tofiq Abbasov Busaat.az-a açıqlamasında bildirib ki, Britaniya, Almaniya və Fransa birgə bəyanatla İrana təsir göstərməyə çalışırlar.

Onun sözlərinə görə, sözügedən ölkələrin vaxtında İsrailə bəyanat göndərməməsi və İsraili Qəzzada törətdiyi dəhşətli hadisələrdən yayındırmağa çalışmaması maraq doğuran məqamdır:

“İsrailin əsas məqsədi Qəzzanı yerlə-yeksan edəndən sonra bölgəyə yəhudi əhalisini yerləşdirməkdir. Bu prosesdə İsrail bütün həddləri aşır, hətta BMT-nin də səsi eşidilmir. İrana gəlincə, İsrailin Tehranda İsmayıl Haniyəni qətlə yetirməsi çox təəccüb və təəssüf doğuran haldır. Bu, çox arzuolunmaz hadisədir. Nəzərə alaq ki, İsmayıl Haniyə həm də danışıqlar üzrə İsrailin tərəfdaşı idi. İran söz verib ki, mütləq şəkildə İsrailə cavab verəcək. Artıq İran özünün nüvə obyektləri, strateji mövqelərini etibarlı şəkildə qurmaq üçün tədarüklərini görür”.

Qərbin İslam dünyasına olan münasibətinin hər kəsə məlum olduğunu bildirən politoloqa görə, zamanında elə Azərbaycana da əsassız təzyiqlər olunurdu.

“30 ildən artıq idi ki, Ermənistan bölgədə vəhşilik edirdi. Azərbaycanlıları qətlə yetirirdi. Lakin Ermənistana xəbərdarlıq edən bir ölkə yox idi. Bütün dövlətlər bir qayda olaraq, Azərbaycanı günakar görürdü. Ölkəmiz qələbə əldə edib, ərazi bütövlüyünü bərpa edəndən sonra bölgədə sabitlik yaratmağa çalışır. İndi də Azərbaycanla müharibə etməsi üçün Ermənistana silah-sursat verilir. Yəni, Qərb türk dünyasını özünə potensial düşmən kimi görür və çalışır ki, türk dünyasını zəiflətsin. ABŞ, Fransa, İngiltərə, Almaniya və NATO rəhbərliyi vaxtında praqmatik davranarsa, münaqişələr də yaranmaz” , – deyə müsahibimiz vurğulayıb.

Tofiq Abbasov: Bu müharibəni ən çox istəyən Benyamin Netanyahudur

Tofiq Abbasov hesab edir ki, İran-İsrail gərginliyi getdikcə artır. Avqustun 15-nə kimi İranın İsrailə cavab verəcəyi gözlənilir. Yəni, böyük müharibəyə yol açır.

Müsahibimiz hesab edir ki, bu müharibəni ən çox istəyən İsrailin baş naziri Benyamin Netanyahudur. Onun fikrincə, müharibənin uzun çəkməsi Netanyahunun cinayətkarlıq ittihamından xilas olması və girov məsələsində yaxasını geri çəkmək üçün lazımdır:

“Netanyahu bilərəkdən atdığı addımlarla öncəliklə İsrail xalqını fəlakətə sürükləyir”.

Qeyd edək ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca Yaxın Şərqdə İran və onun tərəfdaşları ilə İsrail arasında gərginlik daha da şiddətlənib. HƏMAS liderinin qətlində İsraili günahlandıran ali dini lider Əli Xamenei bu ölkəyə qarşı hücum əmri verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki